ABŞ prezidenti Donald Trampın Rusiya dövlət başçısı Vladimir Putinlə Helsinkidə hələlik məzmunu gizli saxlanan görüşündən sonra, Moskva İsveç və Finlandiyanın NATO üzvlüyünə qəbul edilməməsinə çağırıb.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu, İsveç və Finlandiyanın alyansa daxil edilməsinin qlobal təhlükəsizliyi təhdid edəcəyini və buna sərt reaksiya verəcəklərini deyib.
Bundan bir gün əvvəl isə Amerikanın nüfuzlu qəzetlərindən “Washington Post”, Helsinki zirvəsində Tramp və Putinin nələrdən danışdıqlarının hələlik məlum olmadığını yazıb.
“Washington Post”un məqaləsi, ardınca Rusiyanın bəyanatından sonra, Qərbdə belə bir fikir formalaşıb ki, Putinlə Tramp İsveç və Finlandiya ilə bağlı razılığa gəliblər.
Məlumata görə, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov iki liderin “əhəmiyyətli şifahi razılaşmalar” əldə etdiyini deyib. Ayrıca, Antonov, Putinin Vaşinqtona iki ölkənin Suriya məsələsində də necə əməkdaşlıq edə biləcəyinə dair maraqlı təkliflər verdiyini söyləyib.
Ancaq “Washington Post”, Amerika ordusundakı ən yüksək rütbəlilərin belə Trampın milli təhlükəsizlik mövzusunda Putinlə Helsinkidə hər hansı razılaşma əldə edib-etməməsi barədə məlumatsız olduqlarını yazıb: “Müdafiə Nazirliyindəki rəsmilərin, zirvənin ordu üzərində hər hansı təsirləri barədə sualları cavabsız buraxması da, bunu açıq göstərir”.