ABŞ prezidenti Donald Tramp ABŞ-da keçiriləcək növbəti seçkilərdə Rusiyanın müdaxilə edə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə Twitter mesajında yazıb.
Tramp növbəti ABŞ seçkilərində Rusiyanın Domokratların xeyrinə müdaxilə edə biləcəyini deyib. “Rusiyanın gələcək seçkilərə təsir göstərməyə cəhd edəcəyindən ciddi narahatam. Heç bir prezidentin Rusiya ilə mənim qədər sərt olmadığı nəzərə alsaq, onlar Demokratları dəstəkləyəcəklər. Onlar tam yəqinliklər Trampı istəmirlər!” - ABŞ prezidenti mesajında bildirib.
“Amerikanın səsi” yazır ki, Trampın Moksvanın noyabr ayının 6-da 435 üzvü olan Nümayəndələr Palatasının bütün üzvlərinin, Senatın isə üçdə birinin seçiləcəyi ara seçkilərdə demokratlara üstünlük verəcəyi haqda iddiası ABŞ kəşfiyyatının Rusiyanın 2016-cı ildə Trampa kömək etmək üçün prezident seçkilərinə müdaxilə etdiyi haqda çıxardığı nəticələrlə ziddiyyət təşkil edir.
Tramp keçən həftə Rusiya prezidenti Vladimir Putinlə Helsinkidə sammitdə Rusiya liderinin Moskvanın 2016-cı il seçkilərinə müdaxiləsini inkar etməsi ilə əvvəl razılaşıb və beləliklə Putinin bəyanatını ABŞ kəşfiyyatının nəticələri ilə bərabərləşdirmişdi. Lakin Vaşinqtona qayıtdıqdan sonra o, kəşfiyyat rəsmiləri və onların nəticələrinə dəstək verərək, seçki kampaniyasının ruslarla əlaqə yaratmadığı və Rusiyanın müdaxiləsinin seçkinin nəticələrinə təsiri olmadığı haqda bəyanatını təkrar etmişdi.
Lakin bundan sonra Tramp Rusiyanın seçkilərə müdaxiləsini dayandırmadığına görə keçmiş prezident Barak Obamanı günahlandırmışdı.
ABŞ kəşfiyyatının yüksək səviyyəli rəsmiləri Rusiyanın Birləşmiş Ştatlarda noyabr ayında seçki prosesinə yenidən müdaxilə etməyə cəhd göstərdiyini bildirir. Tramp administrasiyası bu cəhdlərin qarşısının alınmasına söz verib.
Respublikaçılar Konqresin hər iki palatasında çoxluğa malikdir. Lakin siyasi təhlilçiilər demokratların hər iki palatada, ya da onlardan heç olmasa birində və çox güman ki Nümayəndələr Palatasında üstünlüyü ələ almaq uğrunda mübarizə aparacağını deyir.
Demokratların Senatda çoxluq təşkil etmək üçün iki yeri, Nümayəndələr Palatasında isə 23 yeri qazanması lazımdır.
Respublikaçıların hazırda hər iki palataya nəzarət etməsinə baxmayaraq, onlar Trampın qanunvericilik gündəmini təsdiq etməkdə çətinlik çəkir. Əgər demokratlar Konqresin palatalarının biri, ya da hər ikisinə nəzarəti ələ keçirsə, onlar üçün bunu etmək daha da çətin olacaq.
Demokratların Nümayəndələr Palatasına nəzarəti ələ aldığı təqdirdə Trampın opponentləri onun administrasiyası ilə bağlı bir sıra təhqiqatlara və hətta onun vəzifədən kənarlaşdırılması üçün impiçmentlə bağlı dinləmələrə başlaya bilər.
Xüsusi prokuror Robert Müllerin Rusyianın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatı davam edir. Təhqiqat çərçivəsində Trampın kampaniyasının Moskva ilə əlaqələri olub-olmadığı araşdırılır. Müllerin təhqiqatı nəticəsində Rusiya kəşfiyyatının 12 rəsmisinə qarşı Trampın seçkilərdə rəqibi olan Hillari Klintonun Demokrat partiyasının fəallarının kompüterlərinə haker hücumları ilə bağlı iddia qadırılıb.