Yunanıstanın paytaxtı Afina şəhəri yaxınlığında davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 150-dən çox adam xəsarət alıb. Onlardan 16-sı uşaqdır. Yaralananlardan 11 nəfərin vəziyyəti ağır qiymətləndirilir. 680 ev tamamilə yanaraq kül olub.
Bir çox insan itkin düşmüş sayılır. Danimarkadan olan 10 nəfərlik turist qrupundan xəbər yoxdur. Onlar yanğın baş verən bölgədən qayıqla uzaqlaşmaq istəyiblər. Hazırda sahil mühafizə xidməti onları axtarır.
Baş nazir Aleksis Tsipras vəziyyətin nəzarətdən çıxdığını bildirib. Yanğınlar Afina ətrafında 3 istiqamətdə davam edir. Hökumət bu ərazilərdə fövqəladə vəziyyət elan edib və Avropa İttifaqından kömək istəyib.
Yunanıstanda tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması qeydə alınmayıb. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, Azərbaycanın Yunanıstandakı səfirliyi davamlı əsasda bu ölkənin müvafiq qurumları ilə təmasdadır.
Bu arada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana ehtiyac yaranacağı təqdirdə, meşə yanğınlarının söndürülməsi üçün kömək etməyə hazır olduqlarını bildirib.
R.T.Ərdoğan qeyd edib ki, Yunanıstan Türkiyənin qonşusudur və Türkiyə xalqı qonşu Yunanıstan xalqına başsağlığı verir.
Qeyd edək ki, Yunanıstanda anomal istilər davam edir. Ölkənin bir sıra ərazilərində havanın hərarəti 40 dərəcəyə qədər yüksəlib.