ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə növbəti görüşə hazırlaşdığını bildirib.
Trend-in məlumatına görə, amerikalı lider bunu yerli telekanalda, özünün "Twitter" səhifəsində Rusiya Prezidenti ilə yeni görüşü səbirsizliklə gözləməsi fikrini şərh edərkən deyib: "Bəli, görüş hazırlanır".
Ağ Ev rəhbəri qeyd edib ki, Helsinkidə rusiyalı liderlə son görüş zamanı çox geniş məsələlər spektrini müzakirə ediblər.
Tramp yerli telekanllardan birinə müsahibəsində isə heç bir ABŞ prezidentinin onun qədər Rusiyaya qarşı sərt olmadığını deyib.
Amerikalı lider bildirib: "Mən Rusiyaya istənilən ABŞ prezidentindən daha sərt yanaşmışam. Rusiyaya qarşı sanksiyalar, diplomatların ölkədən göndərilməsini xatırlayın. Bu qədərini heç kəs etməmişdi".
Daha sonra D.Tramp qeyd edib: "Prezident Putin və Rusiya ilə münasibətləri yaxsılaşdırmaq müsbət bir şey olacaq. Əgər alınmasa, mən onun ən zalım düşməni olacam".