ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşü haqda yeni açıqlamalar verib.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi iddiaları ilə bağlı əvvəlki açıqlamasından fərqli fikir səsləndirib. O, Amerika xüsusi xidmət orqanlarının 2016-cı il seçkilərinə Rusiyanın müdaxilə etdiyi haqda olan nəticələrini qəbul etdiyini söyləyib.
Qeyd edək ki, Helsinkidə Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlər Trampdan soruşublar ki, Amerikada seçkilərə Rusiyanın müdaxiləsi iddiaları ilə əlaqədar öz xüsusi xidmətlərinə, yoxsa Rusiya prezidentinə etibar edir?
Tramp isə "Prezident Putin dedi ki, bu, Rusiya olmayıb. Mən burada Rusiyanın müdaxiləsinə bir səbəb görmürəm",- suala cavabında deyib.
Onun öz kəşfiyyat agentliklərini deyil, xarici ölkə liderinin sözlərini qəbul etməsi amerikalı siyasətçilər, jurnalistlər, o cümlədən təmsil etdiyi Respublikaçılar Partiyası tərəfindən kəskin tənqid olunub.
Tramp isə Ağ Evdəki jurnalistlərə verdiyi açıqlamada dəqiq olmadığını və Rusiyanın seçkilərə müdaxilə etməməsi üçün bir səbəb görmədiyini bildirib. Prezident bu bəyanatı Rusiyanın seçkilərə müdaxilə etmədiyini deyən Putinlə açıq şəkildə razılaşdıqdan bir gün sonra verib.
Tramp eyni zamanda ABŞ kəşfiyyat icmasına bütünlüklə etibar edib dəstəklədiyini qeyd edib. O, kəşfiyyat icmasının Rusiyanın seçkilərə müdaxilə ilə bağlı nəticələrini qəbul etdiyini bildirib.
“Mən kəşfiyyat icmasının Rusiyanın 2016-cı ildə seçkilərə müdaxilə etdiyinə dair nəticələrini tanıyıram. Başqa adamlar da ola bilər. Orada çox adam ola bilər”, Tramp bildirib.
Tramp həmçinin bildirib ki, o, Helsinkidə çıxışının mətninə baxdıqdan sonra yanlış söz işlətdiyini görüb. “Mən baş cümlədə “ola bilməzdi” əvəzinə “ola bilərdi” demişəm. Cümlə belə olmalı idi: Mən bunun nə üçün Rusiya ola bilmədiyinə dair heç bir səbəb görmürəm” deyə bildirib.
Amerika prezidenti deyib ki, ABŞ-Rusiya münasibətləri indiki kimi pis səviyyədə olmayıb, lakin münasibətlər yaxşılaşmağa başlayıb və bundan sonra onların gələcəkdə daha da yaxşılaşacağı mümkündür.