Beynəlxalq əlaqələr üzrə Avropa Şurası (ESFR) Avropa İttifaqına qarşı əsas təhdidlərin sadalandığı hesabatını təqdim edib.
Baki-xeber.com-un Rusiya mətbuatından əldə etdiyi xəbərə görə, hesabatın hazırlanmasında rəsmi sənədlər və mətbuatda dərc olunmuş materiallar, eyni zamanda 28 Aİ ölkəsinin nümayəndələri olan ekspertlər arasında aparılan sorğunun nəticələri əsas götürülüb. Bu nəticələr isə ortaya maraqlı mənzərə çıxarıb. Bəlli olub ki, avropalılar birinci növbədə radikal islamçı qruplaşmaları özünə təhdid sayır. İkinci yerdə transmilli kriminal təşkilatlar və Rusiya, üçüncü yerdə isə Şimali Koreya göstərilib. Daha çox Finlandiya, Litva, Estoniya, Polşa və Rumıniyanın özünə təhdid saydığı Rusiya, maraqlıdır ki, 2008-ci ildə Aİ-yə qarşı təhdidlərin ilk üçlüyünə daxil olmayıb. Rusiya tərəfindən hazırkı ehtiyatlanma isə “informasiya sahəsindəki düşmənçilik hərəkətləri və kiberhücumlarla” izah olunur. Düzdür, Rusiyanı özünə təhdid görməyən İtaliya, Yunanıstan, Portuqaliya, Macarıstan və Kipr kimi ölklər də var. Lakin Estoniya Baş naziri Yuri Ratas bəyan edib ki, Rusiyanın “təhlükəli aktivliyi” NATO-nun yeganə cavabını tələb edir.