İraqın cənub şəhərlərində işsizlik və kommunal sahədə vəziyyətin pisləşməsi, elektrik enerjisi və su təchizatında kəsintilərinə qarşı etiraz davam edir.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Bəsrə şəhərində təhlükəsizlik qüvvələri ilə qarşıdurma zamanı bir nümayişçinin ölümündən sonra bölgədə vəziyyət daha da gərginləşib. Etirazlar Bəsrədə baş nazir Heydər İbadinin qaldığı otelə də hücum edərək oiçəri girməyə cəhd ediblər. Ancaq onların qarşısı alınıb.
Bəsrə sakinləri illərdir əcnəbiləri işlədən ərazidəki neft şirkətlərindən onları işə götürməsini də tələb edirlər.
Gəlirlərinin böyük bir qüsmini neftdən əldə edən İraqda, ixrac edilən xam neftin təxminən 80%-i Bəsrədəki neft quyularından çıxarılır.
Etirazlar İraqın digər əyalətlərinə də yayılır. Artıq paytaxt Bağdad da hökumətə qarşı aksiyalar başlayıb. Etirazçılar səlahiyyətli şəxslərin istefa verməsini tələb edirlər. Hökumət isə İraqın cənubunda başlayan və Bağdada da yayılan nümayişlərlə əlaqədar şəhərdə internetə çıxışı dayandırıb. Polis isə hökumət binalarının yerləşdiyi Yaşıl Bölgəyə gedən yolları bağlayıb.
Babil əyalətinin mərkəzi Hille şəhərində etirazçılar partiya binalarına hücum edib. Onlar keçmiş baş nazir Nuri əl-Malikinin lideri olduğu, baş nazir Heydər İbadinin də üzvü olduğu İslam Dəvət Partiyası və şiə yönümlü Fazilət Partiyasının binalarına hücum edib.
Etirazçılar şəhərdə əsas yolları və körpünü bağlayıb. Şəhərdə vəziyyətin gərgin olduğu bildirilir.
Nəcəf şəhərində isə etirazçılar hava limanına hücum edərək oranı ələ keçirib. Bir müddət sonra güc strukturlarının əməkdaşları hava limanını etirazçılardan azad edib.