Bazar ertəsi Finlandiya paytaxtı Helsinkidə bir araya gələcək Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın Suriya ilə bağlı “böyük razılaşma”sının detalları mətbuata sızıb.
Baki-xeber.com xəbər verik ki, bununla bağlı “Washington Post” qəzeti məlumat yayıb. Plana əsasən, İranın Suriyadan çıxması qarşılığında ABŞ da əsgərlərini bölgədən geri çəkəcək.
Razılaşmaya görə, ilk öncə Suriyada zorakılığa son qoyulmalı və qaçqınların evlərinə dönüşünü sürətləndirəcək siyasi proses başlamalıdır.
Trampın Suriyanın şimalındakı təxminən 2200 əsgərini geri çəkəcəyi qeyd edilən razılaşmada, Putinin də bunun qarşılığında Suriyanın İordaniya və İsraillə sərhədində İranın fəaliyyətini məhdudlaşdıracağı qeyd edilir.
Qəzetlə danışan amerikalı rəsmilər, Trampın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerkin dəstəklədiyi anlaşmanı Pentaqonun qəbul etmədiyini bildiriblər. Təhlükəsizlik müşaviri Con Boltonun da Suriya-İordaniya sərhədindəki Tanf bazasından imtina edilməsinə qarşı çıxdığı bildirilir.
İsrail və ABŞ-ın təzyiqi ilə Dəməşqə hərbi dəstəyini dayandıracağı deyilən İranın dini lideri Ayətullah Əli Xameneyinin xarici siyasət üzrə məsləhətçisi Əli Əkbər Vəlayəti isə, "Biz Suriyadan getsək, bizim ardımızdan Rusiya gedər və buraya yenidən terrorçular gələr" deyə bildirib. Vəlayəti yalnız İraq ya da Suriya hökumətlərinin istədiyi halda dərhal bölgədən çəkilə biləcəklərini deyib. “Lakin İsrailin təzyiqini qəbul etmərik" - deyə o bildirib.