İsrailin Baş naziri Benyamin Netanyahu Moskvada Vladimir Putinlə görüşündə İranın Suriyadakı roluna diqqət ayırmaq niyyətindədir.
Baki-xeber.com-un xəbərinə görə, Netanyahu deyib ki, yəhudi dövləti İran qüvvələrinin Suriyada möhkəmlənməsinə seyrçi qalmaq fikrində deyil. Baş nazirin dəftərxanasının yaydığı açıqlamasında daha sonra deyilir:”Görüş zamanı mən İsrailin xarici siyasətinin iki əsas prinsipini izah edəcəyəm. Bunlardan birincisi odur ki, İsrail İranın və ya onun satellitinin Suriyada hərbi cəhətdən möhkəmlənməsinə laqeyd qalmayacaq. İkincisi isə, Suriyadan və Suriya ordusundan qüvvələrin ayrılması ilə bağlı 1974-cü il razılaşmasına ciddi şəkildə əməl olunmasını tələb edirik”.
Netanyahu deyib ki, eyni zamanda ölkəsi ABŞ administrasiyası ilə əlaqələrin saxlanmasında da maraqlıdır. Onun sözlərinə görə, iki nəhəng dövlət arasında əlaqələr İsrailin təhlükəsizliyi üçün də önəmlidir, xüsusilə indiki şəraitdə.
Maraqlıdır ki, Moskva İranın Suriyadan gedişini reallıqdan uzaq sayır. Belə ki, iyulun 4-də Moskvada iordaniyalı həmkarı Ayman Safadini qəbul edən Rusiya XİN rəhbəri Sergey Lavrov bunu “qəti şəkildə reallıqdan uzaq” adlandırıb.