Rusiya bir sıra malların tariflərini artırmaqla ABŞ-a qarşı məhdudlaşdırıcı gömrük rüsumlarının tətbiqini təsdiqləyib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.
Məhdudiyyətlər gətiriləcək tikinti və yol texnikası, neft-qaz və metallurgiya sahəsində avadanlıqlara, həmçinin optik xətlərə 25-40 faiz aralığında gömrük rüsumları tətbiq ediləcək. Rüsumlardan əldə olunacaq əlavə gəlirlər il ərzində 87,6 milyon dollar təşkil edəcək. Rəsmi açıqlamada sözügedən məhsulların bəzilərinin Rusiyanın özündə istehsal edildiyi bildirilir.
Qeyd edək ki, ABŞ hökuməti Çindən idxal edilən 34 milyard dollar dəyərində olan 800-dən çox məhsula 25 faizlik əlavə gömrük vergisinin tətbiqinə rəsmən start verib. Beynəlxalq media Tramp administrasiyasının bu addımını "ticarət müharibəsinin rəsmi olaraq başlanması" kimi təqdim edir.
Beynəlxalq kredit qiymətləndirmə təşkilatı "Fitch Ratingsin" hesabatında ABŞ-ın başladığı ticarət müharibəsinin gedərək böyüyəcəyi təqdirdə qlobal ticarət xərclərinin 2 trilyon dolları aşacağını qeyd edir.
Xatırladaq ki, ABŞ ilə Çin arasında ticarət müharibəsinin başlanğıcı olaraq Tramp hökumətinin mart ayında polad və alüminiuma 25 faiz əlavə gömrük rüsumları tətbiq etməsi ilə başlayıb.