ABŞ lideri Donald Tramp, Fələstin - İsrail məsələsinin həlli üçün əhatəli bir plan hazırlığında olduqlarını açıqlayıb. Məlumatlara görə, "Əsrin anlaşması" adlandırılan planın arxasında ABŞ səfirliyini Qüdsə köçürülməsində əsas rol oynayan Donald Trampın kürəkəni Cared Kuşner dayanır.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti İordaniya Kralı İkinci Abdullahla bir araya gəldiyi Ağ Evdə, problemin həlli üçün üzərində çalışdıqları planda böyük irəliləyiş olduğunu deyib, ancaq planı nə vaxt açıqlayacaqlarına dair bir söz deməyib.
Bundan əvvəl Trampın kürəkəni və müşaviri Cared Kuşner “El-Kudus” qəzetinə sözügedən planla bağlı açıqlama verib.
Fələstin rəhbərliyi, bölgədəki ölkə rəsmiləri ilə görüşlər keçirən Kuşner və Trampın beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Jason Greenblatt ilə görüşdən imtina edib. Kuşner isə Fələstin rəhbəri Mahmud Abbasın rolu olmasa da belə planın yaxın vaxtlarda tamamlanacağını deyib.
Kuşner görüşdüyü ərəb dövlətlərinin də planı dəstəklədiklərini bildirib. ABŞ rəsmilərinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya planı dəstəklədiklərini təsdiqləyiblər.
Israilin “İsrael Hayom” qəzeti yazır ki, sözügedən 4 ərəb ölkəsi İsrail və Fələstin rəhbərliyi arasında "Əsrin anlaşması"nın həyata keçirilməsində Trampı dəstəkləməklə yanaşı, sazişin qüvvəyə minməsi üçün Fələstin rəhbəri Mahmud Abbası da oyundan kənar vəziyyətdə saxlayacaqlar.
Qeyd edək ki, Fələstin, Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra ABŞ-ı “tərəfsiz olmamaqda” ittiham edərək, görüşlərdən imtina edir.
Kuşner və Greenblattı Abbasın rəhbərliyi altında olan Qərbi Şəriyada rəhbərliyi devirmək cəhdində günahlandıran Fələstin nümayəndəsi Saib Erakat isə, ABŞ-ın hazırladığı sülh planının uğursuz olacağını deyib.