Bütün dünyanın Makedoniyanın adı dəyişdirərək, Yunanıstanla böhrana son qoyulacağını gözlədiyi bir vaxta prezident Gorge İvanov gözlənilməz qərar verib. Baki-xeber.com xəbər verir ki, Makedoniya prezidenti Yunanıstanla böhrana görə, ad dəyişikliyini qəbul etmədiyini bəyan edib.
O, bildirib ki, hökumətin ona göndərdiyi anlaşmanı imzalamayacaq. İvanov, Yunanıstanla əldə edilən razılamanın ölkə Konstitusiyasına zidd olduğu üçün imzalamağa səlahiyyətinin olmadığını vurğulayıb.
Makedoniya parlamenti iyunun 20-də Yunanıstanla uzun müddətdir davam edən ad problemi ilə bağlı 17 iyunda imzalanan və ölkənin "Şimali Makedoniya Respublikası" adlandırılmasının nəzərdə tutan razılaşmanı iyunun 20-də təsdiqləyib. Parlamentdə səsvermədə 120 deputatdan 69-u iştirak edib. Müxalifət millət vəkilləri iclasda iştirak etməyib.
Bu razılaşma Makedoniyanın adına görə, Skopye ilə Afina arasında davam edən 27 illik mübahisəyə son qoymalı idi. Afina və Skopye arasında bu mübahisə Makedoniya 1991-ci ildə dinc şəkildə Yuqoslaviyadan ayrılan vaxtdan başlanıb.
O vaxtdan bəri Afina Makedoniya adına etiraz edərək bildirir ki, bu onun vilayətlərinfən birinin adıdır və beynəlxalq birlikdə dolaşıqlıq yaradır.
Razılaşma iki milyon əhalisi olan Makedoniyanın NATO və Avropa İttifaqı kimi böyük təşkilatlara üzvlüyü məsələsində maneəni də aradan qaldırır.
Razılaşma imzalanan vaxt Makedoniyanın müxalifətdə olan VMRO-DPMNE partiyasının sədri Hristiyan Mikoski, ölkəsinin Şimali Makedoniya Respublikası, yaxud Severna Makedonija adlandırılmasını nəzərdə tutan razılaşmanı “saxta qələbə” hesab etdiyini deyib. Mikoskinin iddiasına görə, baş nazir Zoran Zaev bu razılaşma ilə Yunanıstana “təslim olub”.
Makedoniya prezidenti George Ivanov da razılaşmadan narahatlığını dilə gətirib. Onun fikrincə, bu sənəd makedoniyalıların ölkə içində öz ölkələrini necə çağırmasına təsir göstərməməli, yaxud konstitusiyaya dəyişiklik olunmamalıdır: “Makedoniya xalqının və vətəndaşlarının şərəfinə toxunmayacaq həllin tapılmasından ötrü daha geniş milli konsensusa ehtiyac var”.