“Belə görünür ki, hökumət olmasa, ölkə daha yaxşı idarə edilər”. Baki-xeber.com xəbər verir ki, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xameneinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi ölkədəki mövcud siyasi-iqtisadi vəziyyəti dəyərləndirərkən deyib.
O, İrandakı çövcud hökumətin fəaliyyətini sərt tənqid edib. Hökumətin xalqın problemləri ilə maraqlanmadığını və bunun da ölkə əhalisində narazılıqlar yaratdığını deyən Səfəvi, bəzi qrupların bu durumu rejim əleyhinə çevirməyə cəhd etdiyini bildirib.
Tehranda ölkədəki iqtisadi problemləri və valyuta məzənnəsində baş verən yüksəlişə etiraz etmək üçün sahibkarların mağazaları bağlamasına toxunan Səfəvi, sahibkarların etirazının ölkədəki narazılığı göstərdiyini deyib.
İranın iqtisadi, mədəni və sosial problemlərlə üzləşdiyini deyən Səfəvi prezident Həsən Ruhaninin başçılıq etdiyi hökuməti hədəf alıb: “Belə görünür ki, hökumət olmasa, ölkə daha yaxşı idarə edilər”.
O, İranın Qərblə nüvə müzakirələrinə də toxunub: “Xamenei nüvə məsələsi ilə bağlı müzakirələri dəstəkləmədi. Ancaq İran konstitusiyasına görə Həsən Ruhani hökumətinə bu müzakirələr üçün icazə verdi”.
Qeyd edək ki, dünən İranın bir neçə şəhərlərində milli valyutanın devalvasiyasına qarşı etiraz aksiyaları keçirilib. Aksiyaları kiçik ticarət obyektlərinin sahibləri təşkil ediblər. Tehran polisi tarixi Böyük bazardan İran parlamenti üzərinə yürüş edən izdihama qarşı gözyaşardıcı qazlardan istifadə edib. Nümayişçilər ölkədəki bərbad iqtisadi şəraitə etiraz edirdilər.
Böyük bazardakı kortəbii etiraz aksiyası iyunun 25-də səhər valyutadəyişmə məntəqələrində milli valyuta rial 10 faiz ucuzlaşandan sonra başlanıb.