ABŞ Senatı Müdafiə Nazirliyinə (Pentaqon) 2019-cu il maliyyə ili üçün 716 milyard dollarlıq büdcə ayırmasını nəzərdə tutan qanun layihəsini 10 lehinə, 85 əleyhinə olmaqla qəbul edib.
Baki-xeber.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, qanun layihəsinin Türkiyə ilə əlaqəli hissəsində isə Ankaranın Rusiyadan S-400 hava müdafiə sistemləri almasının iki ölkə arasındakı gərginliyi artırdığı və 15 iyul 2016-cı ildəki FETÖ-nün xain çevriliş cəhdində təşkilatla əlaqədə olduğu bildirilən amerikalı keşiş Andrew Brunsonın azad buraxılmasının vacibliyi qeyd edilir.
Türkiyənin Rusiyadan S-400 raket sistemlərini almasının ABŞ ilə Türkiyə arasındakı ortaq silah sistemlərini inkişaf etdirməyə mənfi təsir göstərə və bu addımın NATO-dakı birgə fəaliyyətlərə təsir edə biləcəyi iddia edilib.
Qanun layihəsində həmin səbəblərə görə “F-35” qırıcıları, “Patriot” hava müdafiə sistemləri, “Chinook” tipli ağır nəqliyyat helikopterləri, “AH-1” tipli Kobra, “H-60 Black Hawk” tipli helikopterləri ilə “F-16” qırıcılarının Türkiyəyə satılmasının qadağan edilməsinin vacibliyini nəzərdə tutan bir hissə də yer alıb.
Sənəddə qanun layihəsinin qüvvəyə minməsindən sonra 60 gün müddətində müdafiə nazirinin Türkiyə ilə ABŞ arasındakı münasibətlərə dair Konqresin müvafiq komitələrinə hərtərəfli hesabat təqdim etməsi tələb olunub. Bu hesabat təqdim olunmadan ABŞ Konqresi Pentaqonun Türkiyəyə silah satışına razılıq verməyəcək. Söhbət Konqresin təsdiqlməsi məcburi olan silahlardan gedir.
Məsələni dəyərləndirən Türkiyə baş naziri Binəli Yıldırım, ABŞ-ın Türkiyəyə silah satışını təxirə salmasının strateji tərəfdaşlıq ruhuna zidd olduğunu deyib: “Hadisələr çox uğursuz inkişaf edir. Ancaq Türkiyə alternativsiz qalmayacaq. ABŞ Senatı tərəfindən qəbul edilən qərar təəssüf hissi yaratmaqla yanaşı, həm də strateji tərəfdaşlıqla ziddiyyət təşkil edir”.
Xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyib ki, Ankara Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək (Trend).
M.Çavuşoğlu bildirib ki, süni böhranlar yaratmaq Qərbin tərzidir: “Onlar hesab edir ki, istəsələr satacaqlar, istəməsələr də satmaya bilərlər. Türkiyə bu cür münasibətlər sistemindən çıxıb. Hansı qanunlara əsasən S-400 alınmasına görə sanksiya tətbiq etməyə hazırlaşırsınız? Bu, düzgün yanaşma deyil və münasibətlərdə böhrana gətirib çıxaracaq. Biz S-400 almışıq, gəlin mövzunu bağlayaq”.