Gürcüstan hökuməti ölkədə artıq bir müddətdir baş qaldıran etiraz aksiyaları nəticəsində istefaya gedib.
Baki-xeber.com-un BBC-yə istinadən xəbərinə görə, ölkənin Baş naziri Georgi Kvirikaşvili özünün istefa qərarını hakim partiyanın lideri Bidzina ivanişvili ilə aralarındakı fikir ayrılığı ilə izah edib. Bildirib ki, yeni kabinetin formalaşdırılması zamanının gəldiyini düşünür.
Xatırladaq ki, may ayının axırlarından Tiflisdə etiraz aksiyaları səngimir. Buna səbəb kimi ötən ilin dekabrında qətlə yetirilən iki yeniyetmə ilə bağlı cinayət işinin ədalət prinsiplərinə uyğun araşdırılması tələbləri göstərilir. Baş nazirin istefa tələbləri də öldürülən yeniyetmələrin yaxınları, hüquq müdafiəçiləri və müxalifət liderləri tərəfindən səsləndirilib.
Maraqlıdır ki, Kvirikaşvili Baş nazir postuna elə İvanişvilinin xeyir-duası ilə gətirilmişdi. Ölkə Konstitusiyası isə 2015-ci ildə bu posta gətirilmiş Kvirikaşvilinin istefası ilə bütün kabinetin buraxılmasını tələb edir. Beləliklə, hakim partiya 7 gün ərzində prezidentə yeni hökumətin tərkibini təqdim etməlidir. Eyni zamanda prezident də 7 gün ərzində həmin tərkibi imzalayaraq parlamentin təsdiqinə göndərməlidir.