Avropa şirkətləri İrandan aldıqları xam nefti azaldaraq, ABŞ sanksiyaları ilə üzləşən bu ölkənin ixracatının beşdə birinə qapılarını bağlayır. Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ sanksiyalarından sonra Avropa bankları, sığorta və nəqliyyat şirkətləri İrandan uzaqlaşmağa başlayıblar.
Avropa ölkələri Vaşinqtonun sanksiya qərarını dəstəkləmir, ancaq buna baxmayaraq, banklar, sığorta və nəqliyyat şirkətləri İranla ticarəti çətin və risqli hala gətirən Amerikanın təzyiqilə İranla əlaqələrini kəsməyə başlayıblar.
Sardiniya adasındakı Sarroch neftayırma zavodunu işlədən “Saras” şirkətinin rəsmilərindən biri ABŞ-ın təzyiqlərinə dayana bilməyəcəklərini, 180 gün ərzində İrandan xam neft idxalını necə dayandıracaqlarını müzakirə etməyə başladıqlarını deyib.
"Hələlik Amerikanın hansı addımları ata biləcəyi bəlli deyil, amma sanksiyalar başımızı ağrıda bilər" – deyə şirkət rəsmisi bildirib.
Mənbələr, aralarında Fransanın “Total”, İtaliyanın “Eni” və “Saras”, İspaniyanın “Repsol” və “Cepsa”, Yunanıstanın “Hellenic Petroleum” şirkətlərinin də olduğu bir çox şirkət və neftayırma zavodu ABŞ-ın sanksiyaları hiss edilməyə başlayandan dərhal sonra İrandan neft alışını dayandırmağa hazırlaşdığını deyib.
İrandan Avropaya gedən neftin əksəriyyəti bu şirkətlər tərəfindən idxal olunur. Bu məbləğ İranın bütün neft ixracatının beşdə birini təşkil edir.
İran və Avropa arasında xam neft ticarətində azalma, nüvə razılaşmasına imza atan Almaniya, Fransa və İngiltərənin razılaşmanı qorumaq cəhdlərini də çətinləşdirə bilər.
Bununla yanaşı, Trampın İrana ağır sanksiyalar tətbiq edəcəyini bəyan etməsindən sonra İrandakı beynəlxalq şirkətlər də ölkəni kütləvi tərk etməyə başlayıb. Avropanın siyasi baxımdan “Trampın qərarına qoşulmuruq” deməsinə baxmayaraq, praktikada heç bir şirkət ABŞ-nın “qara siyahı”sına düşmək istəmir.
Brüsseldə Avropa İttifaqının energetika rəsmilərilə görüşən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə, Avropa şirkətləri razılıq olmadan İranı tərk etmələrinin nüvə razılaşmasına zidd olacağını bildirib və bunun məsuliyyətinin Avropa İttifaqının üzərində qalacağını deyib.
TAHİR