Ağ Ev bildirib ki, gələn həftə ABŞ prezidenti və Şimali Koreya lideri arasında görüş Sinqapurun Sentosa adasının Capella mehmanxanasında keçiriləcək.
Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Hakabi Senders bəyanatı Twitter hesabında yayaraq, Sinqapura ev sahibliyinə görə təşəkkürünü bildirib.
Bundan əvvəl Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp deyib ki, iyunun 12-də keçiriləcək görüş böyük bir başlanğıca start verəcək. Tramp KXDR rəhbərliyi ilə bir günlük görüşün bütün məsələləri müzakirə etmək üçün kifayət etməyəcəyini söyləmişdi.
ABŞ və Şimali Koreya rəsmiləri isə sammitə zəmin hazırlayır.
Tramp KXDR lideri Kim Çen Inla görüşə hazırlıq prosesinin yaxşı getdiyini söyləyib. Trend-in məlumatına görə, D.Tramp deyib: "Hər şey yaxşı gedir, görək nə olacaq. Bu çox vacib məsələdir. Bu iki gün çox əhəmiyyətli olacaq".
Rusiya prezidenti Vladimir Putin isə, ABŞ və KXDR liderlərinin görüşünün baş tutacağına inandığını və nəticələrin pozitiv olacağına ümid etdiyini deyib.
"ABŞ prezidentinin KXDR lideri Kim Çen Inla birbaşa görüşün keçirməsi qərarı çox cəsarətli və düşünülmüş bir addımdır. İnanıram ki, bu görüş baş tutacaq və nəticələri çox müsbət olacaq. Hər iki dövlət arasında münasibətlərin istiləşməsi üçün bu görüş çox vacibdir”,- deyə V.Putin Çin Mediakorporasiyasına verdiyi müsahibədə bildirib.
Tramp bundan əvvəl Kimlə görüşün ləğv edildiyini bildirmişdi, lakin hər iki tərəf sammitin baş tutmasına çalışırdı.
Sammitin gündəliyi hələ ki, məlum deyil.
Pxenyan uzun illərdir ki, nüvə və ballistik raket proqramlarına görə BMT-nin sərt sanksiyaları altındadır.