NATO 30 gün ərzində hazır vəziyyətə gətirilə biləcək 30 min əsgərdən ibarət yeni çevik birlik yaratmağı planlaşdırır.
Baki-xeber.com xəbər verir ki, bu barədə Almaniyanın "Welt am Sonntag" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, NATO Rusiyadan gələ biləcək hər hansı bir hücuma dərhal reaksiya vermək qabiliyyətini yaxşılaşdırmaq istəyir. Qəzet, NATO diplomatlarına istinadən xəbər verir ki, ittifaq məhz bu çərçivədə 30 gün ərzində hazır vəziyyətə gətirilə biləcək 30 minlik ordu qurmağı planlaşdırır. Yeni yaradılacaq birliyin yüzlərlə döyüş təyyarəsi və gəmilərlə də təchiz edilməsi nəzərdə tutulur. Hərbi müdaxilə qüvvələrinin, mövcud 20 min nəfərlik NATO çevik hərbi qüvvətlərindən (NRF) ayrıca olaraq qurulacağı iddia edilir.
Məsələ NATO ölkələrinin müdafiə nazirlərinin gələn həftə Brüsseldə keçiriləcək toplantısında müzakirə ediləcək. İyul ayının ortalarında keçiriləcək NATO dövlət və hökumət başçılarını konfransında isə mövzu ilə bağlı geniş açıqlama veriləcək.
Yeni qurulacaq NATO ordusunda əsas rolu Almaniya ordusunun oynayacağı bildirilən xəbərdə qeyd edilir ki, çevik müdaxilə birliyinin qurulması təşəbbüsü ABŞ-dan gəlib.