Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenziya İran qüvvələrinin Suriyadan çıxarılmasına dair Rusiya ilə İsrail arasında razılaşma olduğuna dair məsələyə münasibət bildirib.
Baki-xeber.com "Haber7"ə istinadən xəbər verir ki, V.Nebenziya bununla bağlı tərəflərin razılığa gəlindiyini deyib. "Anladığım qədər razılığa gəlinib. Razılaşmanın tətbiq edilib-edilməyəcəyi ilə bağlı bir söz deyə bilmərəm, amma, tərəflər razılaşmadan məmnundurlar. İndi tətbiq edilməsə belə, gələcəkdə ediləcək" - Rusiya rəsmisi bildirib.
Xatırladaq ki, İsrailin müdafiə naziri Aviqdor Liberman gözlənilmədən Rusiyaya səfərə gəlib və rusiyalı həmkarları ilə görüş keçirib. Görüşün bir saat yarım çəkdiyi bildirilir.
Bundan başqa, Suriya lideri Bəşər Əsəd Rusiyanın İsrailin bəyanatlarına baxmayaraq, ölkəsində İran hərbçilərinin olmadığını vurğulayıb: "Bizim ərazimizdə İran hərbçiləri yoxdur və heç olmayıb da. Onları axı gizlətmək olmaz. Biz heç bunu gizlətməzdik də".
Bəşər Əsəd vurğulayıb ki, ölkədə İran ordusunun zabitləri var və onlar Suriya ordusuna kömək edir: "İsrailin Suriyada iranlılar barədə yalanını ən çox bu fakt açıqlayır. Bir neçə həftə əvvəl İsrail Hərbi Hava Qüvvələri bizim ərazimizə aviazərbələr endirdi. İddia olunurdu ki, hədəflər İranın hərbi baza və düşərgələridir. Lakin xəsarət alan və ölənlər arasında onlarla suriyalı oldu. Onların arasında bir nəfər də olsun iranlı yox idi. Yəni bütün bu iddialar yalandır".
Bundan əvvəl isə, Əsədin Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra, İran əsgərlərinin və İrana bağlı silahlı qrupların Suriya hərbi hava qüvvələrinə aid anbar və bazalara girişini qadağan etməsinə dair xəbərlər yayılmışdı.