Bəşər Əsəd rejiminin Suriyada YPG/PKK terrorçularına qarşı mübarizə apardığına dair iddialarına baxmayaraq, onlarla ticari anlaşmaya getdiyinə dair xəbərlər yayılıb. Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Əsəd rejimi YPG/PKK ilə Suriyanın Deyr əz-Zor əyalətində neft mübadiləsini nəzərdə tutan razılaşma əldə edib.
Razılaşmaya görə, YPG/PKK işğal etdiyi ən böyük neft yatağı sayılan “Əl Ömər”dən çıxardığı nefti Əsəd rejiminə verəcək, qarşılığında isə hər 100 barel xam neft qarşılığında rejimdən 75 barel mazut alacağı deyilib.
Ötən il İŞİD-in yatağın yerləşdiyi bölgədən çıxarılmasından sonra ABŞ əsgərləri YPG/PKK ilə birlikdə neft yatağını nəzarətə götürmüşdü.
Mənbələr sözügedən yataqdan gündə təxminən 15 min barel neftin çıxarıldığını deyir.
Rejim və YPG/PKK təxminən bir il əvvəl də Suriyada Haseke rayonundakı yataqlardan çıxarılan neftin gəlirini bölüşdürmək qərarı almışdı.
ABŞ-ın dəstəklədiyi YPG/PKK Suriyanın neft yataqlarının təxminən 70 faizini əlində saxlayır.
Deyr əz-Zor əyaləti ölkənin ən böyük enerji resurslarına malikdir. Təxmini hesablamalara görə, Suriyanın enerji ehtiyatlarının təxminən üçdə birini təşkil edir. Suriyanın ən böyük 11 neft yatağı da burada yerləşir.