Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya keçirilir. APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiya iştirakçıları ötən ilin dekabrında Tbilisidə qətlə yetirilən iki məktəblinin qatillərinin cəzalandırılmasını tələb edirlər.
“Məni qətlə yetirmə” şüarlı aksiya öncə Baş prokurorluğun qarşısında Tbilisi şəhər məhkəməsinin yeniyetmələrin qətli ilə bağlı iş üzrə qərarından sonra keçirilib. Baş prokuror İrakli Şotadzenin istefasından sonra aksiya iştirakçıları parlamentin binası qarşısına doğru yürüş ediblər.
Aksiya iştirakçıları qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidzeyə həmrəylik nümayiş etdiriblər. Onlar Tbilisi Apellyasiya Məhkəməsi, Gürcüstanın Ali Məhkəməsinin sədrləri və digər hakimlərin istefasını tələb edirlər.
Etirazçılar prezident Giorgi Marqvelaşvilini də onlara qoşulmağa çağırdı
Kütləvi aksiyada baş nazir Giorgi Kvirikaşvili və hökumətin istefası tələb olunub. Tələbi ötən ilin dekabrında Tbilisidə qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze səsləndirib. O, Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə dəstəyə görə təşəkkür edərək, onu aksiyaya qoşulmağa çağırıb.
Z. Saralidze qeyd edib ki, baş prokuror İrakli Şotadze istefa versə də, oğlunun qatilləri cəzalandırılmayıb: “Sistem bizə müharibə elan edib. Biz sistemi dağıdacağıq. Kvirikaşvilinin hökuməti sistemi qoruyur”.
Baş nazirə etiraz aksiyasında çıxış etməyə imkan vermədilər
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili isə Tbilisidə kütləvi aksiyanın keçirildiyi parlamentin qarşısına gəlib. O, aksiya iştirakçılarına müraciət edib.
“İlk növbədə bəyan edirəm ki, bu ölkənin sıravi vətəndaşı kimi, mənim üçün vəzifə qara qəpiyə dəyməz. Mənim üçün prosesin hüquqi çərçivədə inkişaf etdirilməsi vacibdir. Buna görə də səhər tezdən iş üzrə istintaq Daxili İşlər Nazirliyinə qaytarılacaq”, - deyə baş nazir bildirib.
Aksiya iştirakçıları baş nazirə müraciətini bitirməyə imkan verməyərək, onun ünvanına “Get!” şüarı səsləndiriblər.
G. Kvirikaşvilinin mühafizəsi onu aksiya keçirilən ərazidən uzaqlaşdırıb.
Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı ölümcül bıçaq yaraları alıblar. Polis insidentdə şübhəli bilinən 2 yeniyetməni saxlayıb. Tbilisi şəhər məhkəməsi bu gün təqsirləndirilən şəxsləri qismən təqsirli hesab edib.