Suriya hökuməti ölkə ərazisində tam nəzarəti bərpa etməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu “Russia Today” telekanalına müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd deyib.
O vurğulayıb ki, ölkədə davam edən vətəndaş müharibəsi yaxın zamanlarda hökumət qüvvələrinin qələbəsi ilə başa çatacaq: “Biz bütün rayonları azad etməliyik. Suriya ərazisində heç bir bölgəni dövlət nəzarətindən kənarda qoya bilmərik. Mən həmişə demişəm ki, xaricdən müdaxilə olmasaydı, biz bu müharibəni bir ildən də az vaxt ərzində başa çatdırardıq”.
“ABŞ Prezidentinin mənim haqqımda fikirləri maraqlı deyil və mən bu sözlərə cavab verməyəcəyəm”. Bunu da Bəşər Əsəd deyib.
O bildirib ki, Donald Trampın işlətdiyi sözlər onun haqqında müəyyən rəy yaradır: “Mən bu dildə danışmıram və bu cür ifadələr işlətməyə hazırlaşmıram. Bu cür ifadələr heç kim üçün əhəmiyyət daşımır. Tramp kimi adamların sözləri mənim üçün maraqlı deyil”.
Qeyd edək ki, aprel ayında D.Tramp Suriyada kimyəvi hücumun baş verməsinə B.Əsədi ittiham etmiş və onu “heyvan” adlandırmışdı.