“Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsi bütün dünyanın qürur duymalı olduğu layihədir. Trend-in məlumatına görə, bunu Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin birinci mərhələsinin işə salınması mərasimində OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.
Layihənin birinci mərhələsi “Şahdəniz” yatağından Cənubi Qafqaz, daha sonra Transanadolu (TANAP) boru kəmərləri ilə Türkiyənin Əskişəhər şəhərinə qaz nəqlini nəzərdə tutur.
M.Barkindo bildirib: “Mənim üçün burada, Xəzər dənizinin Səngəçal terminalında olmaq və təkcə 25-ci yubiley Beynəlxalq neft və qaz sərgisinin açılışının yox, həm də “Cənub Qaz Dəhlizi” layihəsinin işə salınmasının şahidi olmaq böyük şərəfdir”.
Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edən M.Barkindo qeyd edib ki, “Şahdəniz” layihəsi dövlət başçısının uzaqgörən rəhbərliyinin bariz nümunəsidir: “Bu layihə çoxmilyardlı kapital yatırımlarını nəzərdə tutur və dünyada ən iri energetika layihələrindən biridir. Bu layihə Azərbaycan iqtisadiyyatına mühüm gəlirlər gətirəcək”.
O deyib ki, Azərbaycan neft hasilatının məhdudlaşdırılması haqqında OPEK+ sazişinin şərtlərini davamlı olaraq ən yüksək səviyyədə icra edən ölkələrdən biridir.
M.Barkindo qeyd edib ki, Azərbaycan OPEK-ə üzv dövlətlər və kartelə daxil olmayan ölkələr arasında neft hasilatının məhdudlaşdırılması haqqında sazişin əldə olunmasında aparıcı rol oynayıb: "Biz sizin bir neçə il əvvəl OPEK üzvləri və kartelə daxil olmayan ölkələrin səylərinin birləşdirilməsinin zəruri olduğu barədə görüşlərinizə görə gələcəkdə də minnətdar olacağıq. Mən sizə OPEK ilə əməkdaşlığınıza və hasilatın könüllü şəkildə dəyişdirilməsinə dəstəyinizə və sadiqliyinə görə də minnətdarlığımı bildirmək istərdim".
Baş katib vurğulayıb ki, OPEK Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün istənilən imkanlara baxmağa hazırdır.