Əmmanda İran və İsrail rəsmiləri arasında gizli görüş keçirib. Görüş Əmmanda İordaniyanın vasitəçiliyi ilə baş tutub. Baki-xeber.com xəbər veri ki, bu barədə Səudiyyə Ərəbistanın London mərkəzli “İlaf” qəzeti görüşdə iştirak edən mənbəyə istinadən məlumat yayıb .
İranın Əmmandakı səfiri Mucteba Firdevi Burun da aralarında olduğu İran təhlükəsizlik rəsmiləri ilə “Mosad” rəhbərinin müavininin də daxil olduğu İsrail rəsmiləri Əmmanda bir otelin müxtəlif otaqlarında yerləşdiriliblər. Tərəflər arasındakı dolayı şəkildə müzakirə edilən məsələlərlə bağlı mesajların çatdırılmasına bir iordaniyalı vasitəçilik edib.
Dolayı müzakirələrdə Suriyanın cənub-qərb hissəsində, xüsusilə də Dera və Əl-Kunaytara şəhərlərində qarşıdurma təhlükəsi olduğu bildirilib. Görüş zamanı İsrailin Suriyaya son hücumlarında itkilər verən Tehranın, Suriyada daha çox itki verməmək və təzyiqlərdən qaçmaq üçün Suriyanın cənubunda İsraillə sərhəd ərazilərdə hərbi əməliyyatlarda iştirak etməyəcəyinə dair söz verib.
“Danışıqlar nəticəsində, İranın, Livan Hizbullahı və digər şiə qrupların, sözügedən bölgədə Əsəd rejimi qüvvələri ilə müxaliflər arasında gözlənilər qarşıdurmalara qarışmamaq və İordaniyanın sərhədlərində təhlükəsizliyi gücləndirmək barədə razılığa gəlinib" – deyə mənbə bildirib.
İsrail rəsmiləri isə Golan Təpələri və İsrail-İordaniya sərhədinə yaxın bölgədə gözlənilən qarşıdurmalara, İran və Hizbullah qarışmayacağı halda, müdaxilə etməyəcəklərini vəd ediblər. Bununla yanaşı, İsrail rəsmilərinin Əmmanda daha tez razılaşmanın əldə edilməsindən təəccübləndikləri bildirilir.
Bildirilir ki, Əmmandakı gizli İran-İsrail görüşü barədə Moskva və Dəməşq də məlumatlandırılıb. Iddialara görə, Rusiya Dera və Kunaytarada baş verə biləcək münaqişələrə İran və Hizbullahın müdaxilə etməyəcəyinə dair təminat verib.
Aparılan danışıqlardan sonra, İranın Əmmandakı səfiri İordaniya KİV-nə müsahibəsində qeyd edib ki, İran qüvvələri və İrana bağlı birliklər yaxın Dera və Kunaytarada keçirilməsi planlaşdırılan əməliyyatlarda iştirak etməyəcək. İran diplomatı qeyd edib ki, bu barədə müvafiq razılaşma İordaniya və “regionun digər ölkələri” ilə əldə olunub.