Cənubi Koreya prezidenti Mun Cae-in şənbə günü günorta saatlarında Şimali Koreya lideri Kim Conq Un ilə görüşüb.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya prezidentinin ofisindən verilən məlumata görə, hər iki ölkə lideri Şimali Koreyanın ABŞ prezidenti Donald Tramp ilə mümkün sammitinə hazırlığın necə aparılması ilə bağlı fikir mübadiləsi aparıb.
Rəsmilər bildiriblər ki, Mun Kim ilə müzakirələrin nəticələri haqqında bazar günü səhər saatlarında məlumat verəcək.
Cənubi Koreya deyib ki, onlar Birləşmiş Ştatlar və Şimali Koreya arasında münasibətlərin inkişafını diqqətlə izləyirlər.
Ağ Ev nümayəndə heyəti də gözlənilən Tramp-Kim zirvəsinə hazırlıqla əlaqədar Sinqapura gedir. Ağ Ev bildirib ki, nümayəndə heyəti zirvə ilə bağlı bu həftə hazırlıqlara başlayacaq.
Bundan əvvəl yayılan məlumatlara görə, ABŞ Sinqapura 30 nəfərlik heyət göndərəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Tramp Şimali Koreya lideri Kim Conq In ilə 12 iyun tarixində Sinqapurda planlaşdırılan zirvə toplantısını təxirə saldığını elan edib. Ancaq 24 saat keçməmiş fikrini dəyişərək tarixi görüşün keçirilə biləcəyi ilə bağlı fikir səsləndirib.