Şimali Koreya lideri Kim Çen In ABŞ-la dialoq çərçivəsində danışıqlara getməzsə, bu ölkədə “Liviya ssenarisi” baş verə bilər.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ABŞ mətbuatı yazır. Bildirilir ki, hər iki tərəfin sərt açıqlamaları fonunda iyunun 12-nə planlaşdırılan iki liderin sammiti baş tutmaya bilər. Sammit ərəfəsində Cənubi Koreya lideri Mun Çje İnin Vaşinqtona gedərək Trampla danışıqlar aparması da maraqla qarşılanır. “Politico” qəzeti yazır ki, ABŞ və Cənubi Koreya liderləri KXDR rəhbərinin başlatdığı silahlanma oyununu məhdudlaşdırmaq cəhdlərilə risqə gedir. Bu sırada iyunun 12-nə Sinqapurda planlaşdırılan sammitin baş tutmayacağı barədə dünya mətbuatında rəylər getdikcə artır. Bu isə onunla əsaslandırılır ki, bu yaxınlarda ABŞ-ın Cənubi Koreyada “Max Thunder” təlimləri keçirməsi üzündən Kim Çen In yüksək səviyyəli “koreyalararası” sammiti təxirə salıb. Bildirib ki, iki ölkə arasında aprelin 27-də imzalanan deklarasiyanın “mürəkkəbi qurumamış” ABŞ-ın bu təlimləri bölgədə keçirməsi yolverilməzdir. Bunun ardınca Pxenyan, Vaşinqton birtərəfli qaydada KXDR-dən nüvəsizləşdirmə tələb edərsə, Şimali Koreya lideri ilə Trampın sammitinin təxirə salınacağı barədə xəbərdarlıq edib.
Şimali Koreya rəhbərliyi xüsusilə vurğulayıb ki, ölkəsində “Liviya ssenarisi”nin həyata keçirilməsinə imkan verməyəcək.