ABŞ dövlət katibi Maykl Pompeo İranla yeni razılaşma imzalanması üçün 12 şərt irəli sürüb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi deyib ki, Tehran uranın zənginləşdirilməsi üzrə işləri dayandırmalı və heç vaxt pluton emalı ilə məşğul olmamalıdır.
M. Pompeo İranın ballistik raketlərin yayılmasını və raket hazırlanmasını dayandırmalı olduğunu bildirib. Eyni zamanda, o qeyd edib ki, Tehran Yaxın Şərqdə fəaliyyət göstərən terrorçu qruplaşmaları maliyyələşdirməməlidir. ABŞ İranın Suriyadakı bütün qüvvələrini çıxarmasını da istəyir.
M. Pompeo deyib ki, İran bu şərtləri qəbul edib, siyasətini dəyişməsə, ona qarşı tarixin ən ağır sanksiyaları tətbiq ediləcək.
Ruhani: “Vaşinqtonun …haqqı yoxdur”
İran prezidenti Həsən Ruhani isə bəyan edib ki, rəsmi Vaşinqtonun İrana və bütün dünyaya fəaliyyətində diktə etməyə haqqı yoxdur.
“ABŞ-ın müstəqil və suveren dövlətlər adından qərarlar qəbul etməsini dünya artıq qəbul etmir. ABŞ hökuməti 15 il əvvələ, 2003-cü ildə Corc Buşun bəyanatlar verdiyi dövrə qayıdıb. Sizin bəyanatlarınızın vaxtı bitib. İran xalqı artıq sizin riyakarlığınızdan bezib və heç vaxt bunu qəbul etməyəcək”, deyə H.Ruhani vurğulayıb.
XİN: “BMT üzvünə qarşı qanunsuz hədə…”
İran Xarici İşlər Nazirliyi də ABŞ dövlət katibi Maykl Pompeonın açıqlmasına münasibət bildirib. İran XİN-in bəyanatında bildirilib ki, dünya ölkələrinin qarşı çıxmasına baxmayaraq özünün bütün beynəlxalq siyasi və hüquqi öhdəliklərini tapdalayan ABŞ öhdəliklərini yerinə yetirən İrana qarşı şərtlər irəli sürə bilməz.
“ABŞ rəhbərliyinə tövsiyə edirik ki, ölkələrinin İrana qarşı öncəki illərdəki siyasətlərindən ibrət alsınlar, müdaxiləedici və uğursuz siyasətlərini davam etdirməyə son qoysunlar”, bəyanatda deyilir.
Sənədlə həmçinin İran ona qarşı irəli sürülən bütün ittihamların yalan olduğunu bildirib, ABŞ-ın yeni strategiyasını İranın daxili işinə müdaxilə kimi dəyərləndirib və BMT üzvünə qarşı qanunsuz hədə hesab edib.
“İran qanun çərçivəsində qarşılıq vermə haqqını özü üçün açıq saxlayır”, bəyanatda vurğulanıb.
Qeyd edək ki, bu il mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib. Bu razılaşma Tehranın nüvə sahəsində fəaliyyətinin məhdudlaşdırılması qarşılığında BMT Təhlükəsizlik Şurası, o cümlədən ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların qaldırılmasını nəzərdə tutub.