Türkiyə prezidentliyinə namizəd, “Vətən” partiyasının lideri Doğu Perinçek bu vəzifəyə seçiləcəyi təqdirdə ölkənin NATO-dan çıxacağını bildirib.
Trend-in məlumatına görə, D.Perinçek Türkiyə ilə bu qurum arasında münasibətlərin yaxşı olmadığını deyib: “Türkiyə NATO-nun üzvü olsa da, NATO ölkəmizi düşmən olaraq görür. Bir müddət əvvəl alyansın keçirdiyi təlimlərdə Atatürk və Türkiyənin indiki prezidenti hədəf kimi göstərilmişdi. Biz hakimiyyətə gələndə Türkiyə NATO-dan çıxacaq, ABŞ təyyarələri İncirlik bazasını tərk edəcək və Türkiyədə Amerika hərbi mövcudluğu qalmayacaq”.
Perinçek seçkilərdə qalib gələcəyi təqdirdə Suriya ilə münasibətləri də normallaşdırmağa başlayacağını deyib. O bildirib ki, prezident seçildikdən sonrakı gün Suriya Prezidenti Bəşər Əsədi Ankaraya dəvət edəcək: “Suriya münaqişəsinin həllinin açarı Rusiya-Türkiyə dostluğudur. Mən prezident seçilsəm, növbəti gün Bəşər Əsədi Türkiyəyə dəvət edəcəyəm və onu şəxsən Ankara hava limanında qarşılayacağam. Beləliklə, biz Türkiyə ilə Suriya arasındakı münasibətləri bərpa edəcəyik və eyni zamanda Ankara-Dəməşq-Moskva müstəvisində Rusiya ilə münasibətləri möhkəmləndirəcəyik”.