ABŞ-ın İranın nüvə proqramı ilə bağlı imzalanan sazişi təktərəfli qaydada tərk etməsindən sonra Qərb dünyasında Avropa ilə Amerika arasında yeni gərginlik müşahidə olunur. Proseslərin gedişi bunun iqtisadi müstəvidə də hadisələrin gedişinə ciddi təsir göstərəcəyini üzə çıxarır. Belə görünür ki, Avropa İranla ticarət edən şirkətlərini qorumağı düşünür, eyni zamanda ABŞ-ın Tehrana dollar vasitəsilə təzyiqlərinin qarşısını almaqda da israrlıdır. Bu vəziyyət isə dolların mövqelərinin zəiflməsəinə, hətta kəskin ucuzlaşmasına gətirib çıxarmaq iqtidarındadır.
İndilikdə isə Avropa ABŞ qarşısında sərt bir mövqe sərgiləyir. Almaniya kansleri Angela Merkel parlamentdə çıxışı zamanı bildirib ki, İran ABŞ-a heç vaxt təslim olmayacaq: “Prezident Donald Tramp həmləsini yanlış hesabladı, sazişin təbiətinə uyğun olmayan bir mövqe nümayiş etdirdi. Problem bir anlaşmanı ləğv etdikdən sonra daha yaxşısını edib-etməmənizdədir. İdeal olmayan hərəkətlərə baxmayaraq, İran anlaşmanın şərtlərinə sadiq qalır”. Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Le Mer isə bildirir ki, ABŞ dünyanın iqtisadi jandarmı olmaq haqqına sahib deyil: “Xarici iqtisadi sanksiyalar yolverilməzdir. Onlar qorxutmaq üçün istifadə edilən silahdır. Müstəqil maliyyə institutu yaradılmalıdır. Bu, Avropa şirkətlərinin dünyanın istənilən kompaniyası ilə biznes fəaliyyətini maliyyələşdirəcək. Maliyyələşdirmə kanallarının bloklanması sanksiyalar tətbiq edilən dövlətlərlə hansısa ticarəti aparmağa maneə yaradır. Belə maliyyə strukturunun yaradılması əsas strateji məqsəddir”.
Fransa prezidenti Emmanuel Makron isə vurğulayır ki, Avropa İttifaqının sammitində İranla nüvə razılaşmasını dəstəkləmək və Avropa şirkətlərini ABŞ-ın fəaliyyətlərindən qorumaq haqqında qərar qəbul edilib. Onun sözlərinə görə, Avropa İttifaqı ABŞ-dan Avropa şirkətlərinə qarşı tətbiq edilən gömrük rüsumlarının ləğv edilməsini istəyir. Xatırladaq ki, Brüsseldə Avropa ölkələri ilə İran arasındakı danışıqlardan ABŞ-ın çıxmasından sonra pozulmaq təhlükəsilə üzləşən nüvə sazişinin müddəalarına əməl edilməsinə dair razılığa gəlinib. İran, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri, BMT vasitəçiləri və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerinin iştirak etdiyi danışıqlarda İranın nüvə sazişi üzrə intensiv ekspert məsləhətləşmələrinin davam etdirilməsi və praktik addımların atılması qərarı verilib.
Moqerini mövcud sazişin tərəfləri qane etdiyini bildirib: “Biz hazırkı sənədin mətnində nəyisə dəyişmək fikrində deyilik. Çünki orada artıq hər şey qeyd olunub. Sazişin mətninə əlavə və dəyişikliklər olmayacaq. Tərəflər sadəcə öz öhdəliklərini yerinə yetirməlidir: İran nüvə proqramının dayandırılmasını təmin edəcək, Avropa İttifaqı isə İranı konkret iqtisadi fayda ilə təchiz edəcək”.
Bununla belə, Moqerini Avropa ölkələrinin İrana hüquqi müstəvidə heç bir zəmanət təklif etmədiyini vurğulayıb. Söhbət nüvə sazişini qorumaq üçün yalnız iqtisadi zəmanətdən gedib. Bu mənada, ABŞ sanksiyalarına rəğmən, Avropa ölkələri İranla iqtisadi əməkdaşlığı davam etdirəcəklərinə söz verib: “ABŞ-ın hərtərəfli müştərək fəaliyyət planından çıxmasına təəssüflənirik. Lakin biz rəsmi Tehranla nüvə sazişinin bütün müddəalarının icrasının vacibliyini, ilk növbədə İranla ticari və iqtisadi əlaqələrin inkişafı, neft və neft məhsullarının satışı, bu ölkə ilə maliyyə xidmətlərinin təklifi, dəniz və dəmiryolu nəqliyyatının inkişafı, Avropa və İran şirkətlərinin əməkdaşlığını sadələşdirəcək investisiya elementlərinin yaradılmasını təsdiq etdik”. Onun sözlərinə görə, İranla nüvə sazişinin qorunub saxlanması rəsmi Tehranla digər problemlərin, o cümlədən İranın raket proqramı məsələsinin də həllini asanlaşdıracaq.
İranın xarici işlər naziri Cavad Zərif isə bildirib ki, Avropanın öz sözünün üstündə durub-durmayacağını zaman göstərəcək: “Biz nüvə sazişinin saxlanması üçün növbəti addımlar barədə siyasi razılığa gəldik. Qarşıdakı həftələrdə nələrin ediləcəyindən çox şey asıldır. Nüvə sazişində İranın almalı olduğu bütün iqtisadi faydalar dəqiq əks olunub. Bilməliyik ki, sazişin digər iştirakçıları bunu bizə təmin edəcəklər, yaxud əksini görəcəyik”. Bundan başqa, əldə olunan razılığa əsasən, Avropa İttifaqı İrandan alacağı neftin ödənişini ABŞ dolları ilə deyil, avro ilə həyata keçirəcək.Bundan sonra Avropa İttifaqının İrandan alajağı neft, qaz və neft məhsulları ilə ticarətində ödəmələr avro ilə həyata keçiriləcək. Artıq İran da xarici ticarəti yalnız avro ilə aparır. İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyfi bildirib ki, həyata keçirilən xarici ticarətdə dollardan imtina edilir. Onun sözlərinə görə, ABŞ İran iqtisadiyyatını sanksiyalarla zəiflətmək niyyətindədir. İran artıq ABŞ dolları ilə ticarəti davam etdirmək niyyətində deyil. Ödəmələrdə dollardan yox avrodan istfiadə isə ABŞ valyutası üçün ciddi zərbə sayılır. Xatırladaq ki, bir çox digər ölkələr, məsələn, Rusiya, Çin kimi böyük dövlətlər də dolların dünya ticarətində rolunun məhdudlaşmasının tərəfdarıdır. Hadisələrin indiki səpkidə inkişafı isə dolların mövqeyini sarsıdır.
Tahir TAĞIYEV