ABŞ prezidenti Donald Tramp İranın bütün Yaxın Şərqdə “hökmranlıq etmək eşqinə” düşdüyünü deyib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, özünün tvitter hesabında yazıb. Bildirib ki, “o buna nail ola bilməyəcək”.
Daha öncə isə keçmiş MKİ rəhbəri Maykl Hayden ABŞ-ın İranla nüvə anlaşmasından imtinasının hansı nəticələrə gətirəcəyini açıqlayıb. “Der Spiegel”in xəbərinə görə, o deyib ki, Vaşinqtonun bu addımı Avropa ilə konfrontasiyaya gətirəcək. “İlk növbədə isə bu konfrontasiya İranla deyil, bizim Avropadakı dostlarımızla yaşanacaq. Avropalılar haqlı olaraq sual edəcək: amerikanlar bizi ciddiyə alırmı və bizim fikrimizlə maraqlanırmı?”- deyən Hayden bildirib ki, bununla ölkəsi özünün ən yaxın dostlarını qəzəbləndirə və beləliklə də transatlantik münasibətlərin sonunu gətirə bilər.
Hayden onu da əlavə edib ki, “Tramp Britaniya, Fransa və Almaniyaya öz iradəsini yeridə bildiyi üçün təntənə yaşayır”. Lakin o, bu qısamüddətli təntənənin ABŞ-a “baha başa gələcəyini” deyib.
Xatırladaq ki, mayın 8-də İranla ABŞ-ın nüvə anlaşmasından çəkildiyini bəyan edən Tramp İslam Respublikası ilə əməkdaşlıq edən Aİ ölkələrinin şirkətlərini də sanksiyalarla hədələyib.