ABŞ prezidenti Donald Trampın Tehranla nüvə sazişini ləğv etməsindən sonra İranla İsrail arasında gərginlik daha da yüksəlib. Bir neçə gün əvvəl Suriyada iki olkə arasında ilk dəfə birbaşa hərbi qarşıdurma baş verib. İsrailin yaydığı məlumata görə, Suriyadakı İran qüvvələrinin Qolan yüksəkliyini raket atəşinə tutmasından sonra, Suriyadakı İran hərbi obyektlərinə hava zərbələri endirilib. ABŞ isə İranın İsrailə raket atdığını bəyan edib.
Baki-xeber.com xəbər verir ki, Londonda yerləşən Suriya İnsan Hüquqları təşkilatı, İsrailin Suriyaya son iki hava hücumu nəticəsində 19 iranlının öldürüldüyünü açıqlayıb.
İsrail ordusu ilə bölgədə Əsəd rejimini dəstəkləyən “Hizbullah” silahlıları arasında əvvəllər də qarşıdurmalar olub, ancaq son raket savaşı, İran və İsrailin bir-birlərini birbaşa hədəf aldığı ilk hadisədir.
Bu arada İsrailin müdafiə naziri Aviqdor Liberman Bəşər Əsədi iranlıları ölkədən çıxarmağa çağırıb.
“İranlıları Suriyadan qovun, onlar sizə kömək etmirlər” sözləri ilə Əsədə çağırış edən Liberman bildirib ki onların varlıqları bölgəyə zərər verir.
Bundan əvvəl isə, İran ekspertlər şurasının sədri Əhməd Hatəmi bəyan edib ki, əgər İsrail ağılsız addımlar atmağa davam etsə, onda Təl-Əviv və Hayfanı yeri üzündən siləcəyik. "Bizim nüvə bombası ilə işimiz yoxdur, əksinə biz təmkinli siyasət yürüdürük. Gündən günə İranın gücü artır. Əgər İsrail ağılsız davransa, onda biz Təl-Əviv və Hayfanı yer üzündən silərik" - deyə Hatəmi bildirib.
Hatəmi Qərb ölkələrinə də qarşı sərt ifadələr işlədib: "ABŞ bizə heç nə edə bilməz. Onlar İran rejiminin süquta uğramasını istəyirlər. Avropa dövlətlərinə də güvənmək olmaz. İranın düşmənlərinə güvənmək lazım deyil".