Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə poliqonunu bağlayır. Baki-xeber.com xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik 23-25 may tarixlərində nüvə sınağının mərasimlə bağlanacağını bildirib. Nüvə poliqonunun sökülməsi mərasiminə ərazidə olan tunellərin partladılması, girişin bloklanması və müşahidə obyektlərinin, tədqiqatlar binalarının və təhlükəsizlik postlarının hər birinin sökülməsi daxildir.
ABŞ, Cənubi Koreya, Çin, Rusiya və İngiltərə jurnalistlərinin də nüvə poliqonunun sökülməsini müşahidə etmək üçün mərasimə dəvət olunacağı bildirlir.
Dövlət mediasının yaydığı məlumata əsasən, bu addım ölkənin nüvə sınaqlarını dayandırmaqla bağlı götürdüyü öhdəliyə müvafiq olaraq atılır. Poliqonun bağlanması və bu barədə mərasimin keçirilməsi barədə razılaşma Şimali və Cənubi Koreya liderləri arasında aprelin 27-də keçirilmiş görüşdə əldə olunub.
Qeyd edək ki, 2018-ci ilin əvvəlində açılan yeni səhifə ilə, Koreya Yarımadası indiyə kimi görünməmiş bir dövr yaşayır. Aprelin 27-də Şimali və Cənubi Koreya liderləri ilk dəfə bir araya gəlib.
Onu da xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün öncə Şimali Koreya lideri Kim Çen İnlə 12 iyun tarixində Sinqapurda görüşəcəyini elan edib.