ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişindən imtina etdikdən sonra bərpa ediləcək keçmiş sanksiyaların İrana hansı dərəcədə təsir edəcəyi indi əsas müzakirə mövzusuna çevrilib. Proseslərin gedişi göstərir ki, İranla nüvə sazişindən sonra bu ölkə ilə iqtisadi əlaqələr quran ölkələr və böyük şirkətlər ciddi problemlərlə qarşılaşacaq. Artıq ABŞ sanksiyalarından ehtiyatlanıb, İranla ticari əlaqələrini dayandıran ilk şirkətlər də məlum olub. Belə ki, Tramp nüvə sazişindən imtina etdikdən sonra “Airbus” və “Boeing” şirkətləri İrana 40 milyard dollarlıq təyyarə satışını dayandırdığını bəyan edib.
Baki-xeber.com xəbər veri ki, bu barədə açıqlama verən ABŞ-ın maliyyə naziri Stiven Mnuçin, sözügedən hər iki şirkətin İrana təyyarə satışı ilə əlaqədar lisenziyaları ləğv etdiyini bildirib.
İranla nüvə sazişi 2015-ci ilin iyul ayında qüvvəyə mindikdən sonra, Obama administrasiyası 2016-cı ilin sonlarında, 1979-cu ildən etibarən ABŞ sanksiyaları altında olan İrana təyyarə satışına lisenziya vermişdi. Bundan dərhal sonra Amerikanın nəhəng təyyarə istehsalçısı “Boeing” və Amerika şirkətləri ilə ortaq olan “Airbus” şirkəti, İranla 40 milyard dollarlıq razılaşma imzalamışdı.
Ancaq Trampın son qərarından sonra bu razılaşmaların bir əhəmiyyəti qalmır.
Təxminən 40 ildir ki, sanksiyalara görə sərnişin təyyarəsi və təyyarə ehtiyat hissələri ala bilməyən İran istismar meddəti keçmiş təyyarələr istifadə edir. Buna görə də çox vaxt təyyarə qəzaları baş verir.
Fransada yerləşən “Airbus” təyyarələrinin ehtiyat hissələrinin 10 faizdən çoxu Amerika şirkətləri tərəfindən istehsal olunduğu üçün şirkət ABŞ sanksiyalarına hədəf ola bilər. Şirkət, ABŞ-ın İran qərarını diqqətlə analiz etdikdən sonra hansı addımları atacaqlarına dair qərar verəcəklərini bildirir.
İndiyə qədər İrana 3 sərnişin təyyarəsi göndərən Airbusun, “İran Air”ə daha 95 təyyarə göndərməlidir.
ABŞ ordusu üçündə təyyarələr istehsal edən “Boeing” isə hökumətin addımlarını təqib edəcəklərini bəyan edib. Şirkətin icra heyətinin sədri Dennis Muilenburq müqavilənin ləğv edilməsinin onlara çox təsir etməyəcəyini və Boinq 777 istehsalının İran qərarlarından asılı olmadığını deyib.