Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması ilə bağlı qərarına münasibət bildirib. APA-nın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, o qeyd edib ki, ABŞ imza atdığı sazişə sadiq qalmır.
“İtirən ABŞ olacaq, çünki razılıq verdiyi sazişə sadiq qalmır. Beynəlxalq razılaşmaları istədiyiniz zaman pozmaq, istədiyiniz zaman imzalamaq olmaz. Bu sazişlə bağlı işlərin bir anda tərs getməsi sadəcə regiona deyil, bütün dünyaya və beynəlxalq iqtisadiyyata təsir edəcək. ABŞ bundan mənfəət götürə bilər, ancaq bir çox ölkə ciddi zərər görəcək. Niyə daha böyük böhranlara yol açırıq? Başqa böhranlara ehtiyacımız yoxdur. İmzalar atılıbsa, sadiq qalmaq lazımdır” ”, -deyə Türkiyə dövlət başçısı qeyd edib.
Bundan əvvəl isə Türkiyənin Xarici İşlər Nazirliyi yaydığı bəyanatda ABŞ-ın nüvə sazişindən çıxması qərarının uğursuz addım olduğunu bildirib (Trend).
Bəyanatda deyilir: "Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatına əsasən, İran bu saziş üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. ABŞ-ın nüvə sazişindən çıxması qərarını uğursuz addım kimi dəyərləndiririk. İstənilən fikir ayrılıqlarını Birgə Hərtərəfli Fəaliyyət Planına uyğun olaraq diplomatik yolla həll etmək lazımdır. Sazişin həyata keçirilməsi davam etdirilməlidir".
Qeyd edək ki, Donald Tramp aprelin 8-i ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi ilə (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan edib. ABŞ prezidenti həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.