Ermənistanda baş nazir seçilə bilməyən etiraz hərəkatının lideri, "Yelk" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan iqtidarın addımlarını təxribat kimi xarakterizə edib. O iqtidara cavab olaraq planlarını açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, Paşinyan sabah bütün Ermənistanda tətil elan edib. Səhər saatlarından etibarən bütün Ermənistan küçələrini, metroları, aeroportlara gedən yolları, mümkün olan nə varsa, hamısını bağlayacaqlarını bəyan edib. O, dövlət məmurlarını da tətilə qoşulmağa çağırıb.
Onun sözlərinə görə, vətəndaş itaətsizliyi aksiyası Ermənistanın bütün vətəndaşlarını əhatə etməlidir: "Bu erməni xalqının ulduz saatıdır".
Onun sözlərinə görə, Ermənistan artıq dəyişib. Bu Ermənistanda hakimiyyətin Baqramyan 19 ünvanında yerləşən binada (parlament binasının ünvanı) cəmi 50 stulu qalıb.
"Yerdə qalan bütün Ermənistan tam hakimiyyətdədir və Ermənistan vətəndaşlarının nəzarətindədir" — deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, ERP-nin bugünkü hərəkəti təxribat xarakteri daşıyırdı. Onlar istəyirdilər ki, xalq və onun namizədi mübarizədən çəkilsin, hansısa güc tətbiq etməyə getsinlər: "Amma biz cinayətlə məşğul olmuruq. Əgər söhbət danışıqlardan gedirsə, rəsmən bəyan edirəm ki, danışıqlar yalnız siyasi dəfn və Respublika partiyasının yası ola bilər".
O bundan sonra bir millimetr də geriyə addım atmayacaqlarını bəyan edib. O, polisi nümayişçilərə müdaxilə etməməyə, qalxan və dəyənəkləri buraxaraq etirazçılara qoşulmağa çağırıb.