Amerika Birləşmiş Ştatlarının Avropa və Avrasiya Məsələləri üzrə dövlət katibinin köməkçisi Ues Mitçel (Wess Mitchell) Rusiyanın Gürcüstandakı silahlı qüvvələrini çəkməyə çağırıb.
Gürcüstanın paytaxtı Tiflisdə davam edən III NATO-Gürcüstan Dövlət Diplomatiyası Forumunda çıxışında Ues Mitçel deyib: “ABŞ rəhbərliyi Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstək verir. Gürcüstanın NATO üzvü olmasına dair bəyanatımız var… NATO baş katibi Yens Stoltenberq də bu məsələdə Gürcüstana konkret dəstək verir. Gürcüstan NATO üzvlüyü üçün Rusiya və ya hər hansı üçüncü ölkəyə bağlı olmadan qərar verə bilər. Öz gələcəyinə yalnız Gürcüstan cavabdehdir. Gürcüstanın NATO üzvlüyü məsələsinə heç bir ölkənin veto hüququ yoxdur… Rusiya Gürcüstanın əraziləri olan Abxaziya və Cənubi Osetiyada qondarma dövlətlər yaradıb. Artıq silahlı qüvvələrini bu torpaqlardan çəkərək Rusiya-Gürcüstan arasında 2008-ci ildən əvvəlki hüquqi nöqtəyə qayıtmalıdır”.