Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyan hakim Respublika Partiyasının sədrliyindən də istefa verib. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, partiyanın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, partiya daxilində sədrin dəyişdirilməsi barədə müzakirələr başlayıb.
Məlumata əsasən müzakirələr zamanı Serj Sarkisyan baş nazir postundan getməsinin səbəbini izah edib, ölkədə sülh və stabillik naminə sədr vəzifəsindən də istefa verdiyini açıqlayıb.
Partiyaya hələlik yeni sədr seçilməyib.
Ekspertlərin fikrincə, Sarkisyanın Respublika Partiyasının sədrliyindən də istefa verməsi əslində, hakim partiyanı iqtidarda saxlamaq planını tərkib hissəsidir. Bununla Sarkisyan bütün məsuliyyəti öz üzərinə götürür, Respublika Partiyasının hakimiyyətdə qalmasına çalışır.
Bu arada, Ermənistanın paytaxtında son dəqiqələrdə vəziyyət daha da gərginləşir. Paytaxtın şimalında yerləşən avtomobil körpüsü hazırda etirazçılar tərəfindən bağlanıb. Bu səbəbdən şəhərdə hərəkət dayanıb (Trend).
"RİA Novosti"nin müxbirinin verdiyi məlumata görə, yaxın dəqiqələrdə avtomobillər də hərəkəti dayandıracaq və sürücülər etirazçılara qoşulacaq.
Ermənistan müxalifətinin lideri və deputat Nikol Paşinyan isə bu gün bildirib ki, baş nazir təyin olunanadək kütləvi aksiyalar davam edəcək.
O qeyd edib ki, hakim Respublika partiyası ona baş nazir olmağa imkan verməyənədək etiraz aksiyaları daha da böyüyəcək. N.Paşinyanın sözlərinə görə, etirazçılar artıq öz namizədini seçib.
Nikol Paşinyan baş nazir təyin olunanadək kütləvi aksiyaların davam edəcəyini bildirib. O, Rusiya mətbuatına müsahibəsində qeyd edib ki, hakim Respublika partiyası ona baş nazir olmağa imkan verməyənədək etiraz aksiyaları daha da böyüyəcək. N.Paşinyanın sözlərinə görə, etirazçılar artıq öz namizədini seçib.
Aprelin 25-i Yerevanın Respublika meydanında ən genişmiqyaslı aksiya keçirilib.
Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.