London aktivlərini ofşor zonalarda saxlayan Rusiya oliqarxlarının adını açıqlamaq imkanlarını götür-qoy edir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə nüfuzlu “The Times” nəşri xəbər verir. Xəbərdə deyilir ki, Böyük Britaniyadan fərqli olaraq, ona məxsus Vircin və Kayman adaları özlərinin yurisdiksiyasında saxlanan aktivlərin kimlərə aid olduğunu açıqlamır. Lakin Britaniya parlamentinin üzvləri gələn həftə ölkə ərazisindəki ofşor zonalarda aktivlərini yerləşdirən Rusiya oliqarxlarının adını açıqlamağa imkan verən qanuna səs verməyə hazırlaşır. Yeni qanunvericiliyin tərəfdarlarının fikrincə, bu sferada gizlilik “çirkli pullar”ın yuyulmasını mümkün edir ki, bu da cinayətə və korrupsiyaya meydan açır.
Nəşrin xəbərində deyilir ki, yeni qanunun parlamentdə böyük dəstək qazanacağı gözlənir. Ehtimal ki, onun tətbiqinə mühafizəkarlar, leyboristlər, Şotlandiya milli partiyasının nümayəndələri və digər müxalifət partiyaları səs verəcək.
Xəbərdə o da qeyd olunur ki, müvafiq qanuna 2020-ci ilə kimi ofşor zonalarda fəaliyyətin şəffaflaşdırılması üzrə əlavəni Leyboristlər partiyasının Nümayəndələr Palatasındakı üzvü Marqaret Hoc təklif edib.