Ermənistanda vəziyyət getdikcə daha da gərginləşir. Baş nazir Serj Sarkisyanı kreslodan uzaqlaşdıran etirazçılar hakim Respublika Partiyasını da iqtidardan uzaqlaşdırmaqda qərarlıdır. Ancaq baş naziri qurban verən Respublika Partiyası iqtidardan getmək istəmir.
Baki-xeber.com xəbər verir ki, müxalifət lideri Nikol Paşinyan isə Respublika Partiyasının öz liderini qurban verərək, gücünü qorumasına imkan verməyəcəklərini bəyan edib: "Serj Sarkisyan getdi, amma hakimiyyəti yerdə qalan respublikaçılardan təmizləmək lazımdır. Biz Sarkisyanın hakim partiyanın lideri statusunda hakimiyyəti faktiki olaraq kulisdən idarə etməsinə imkan verə bilmərik".
Bu arada, Ermənistanın idman və gənclərlə iş üzrə naziri Qraç Rostomyan istefa verərək etirazçılara qoşulduğunu bəyan edib. O, bununla bağlı bəyanatında bildirir: "Ermənistan dövlətçiliyi uğrunda mühüm məqamı və hər bir vətəndaşın məsuliyyətini dərk edərək, idman və gənclərlə iş üzrə nazir vəzifəsindən istefa verirəm. "Çiçəklənən Ermənistan" partiyasının tərəfdarı kimi, mən partiyanın lideri Qaqik Tsarukyanın çağırışını dəstəkləyir və şəxsən küçəyə çıxıram".
Bundan başqa, Ermənistan iqtidarındakı koalisiya da parçalanmağa başlayıb. Belə ki, iqtidardakı Respublika Partiyasının koalisiya ortağı Daşnaksütyun Partiyasının nümayəndəsi Suren Manukyan da etirazçılara qoşulub.
Bundan qısa bir müddət sonra isə parlamentdə 105 yerdən 7-nə malik olan Daşnaksütyun Partiyası Respublika Partiyası ilə birgə daxil olduğu hakim koalisiyadan çıxdığını bəyan edib. "Mövcud siyasi durumda Respublika Partiyası ilə siyasi koalisiyada iştiraka son qoymaq məqsədəuyğun hesab edirik. Xalq hərəkatı nəticəsində yaranmış vəziyyət artıq bir neçə gündür bütün cəmiyyəti gərginlikdə saxlayır. Əminik ki, yaranmış situasiya yalnız Konstitusiya və qanun çərçivəsində həllini tapmalıdır", - deyə partiyanın bəyanatında bildirilir.
Partiyanın inqilab federasiyası bildirir ki, yeni hökumətin ilk işi gərginliyi azaltmaq olmalı, eyni zamanda parlamentə növbədənkənar seçkilərin keçirilməsi üçün şərait yaratmalıdır.