ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyaya atdığı raketlərdən ikisi Moskvaya gətirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu keçirdiyi brifinqdə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy bildirib.
O deyib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyaya atdığı, lakin qəza səbəbindən hədəfə çatmayan iki raket Moskvaya gətirilib: "Raketlərdən ikisi, o cümlədən "Tomahavk" qanadlı raketi və yüksək dəqiqlikli aviasiya raketi bizim əlimizdədir".
Rusiyalı general Pentaqonun Suriyaya atılan raketlərin sayı barədə bəyanatına da münasibət bildirib: "Kimyəvi silahların saxlanıldığının iddia olunduğu "Him Şinşar" obyektinə Amerikanın versiyasında olduğu kimi, 22 raket deyil, 7 raket düşüb. Bizim tərəfimizdən 7 raketin düşdüyü qeydə alınıb. Bu kosmosdan çəkilən görüntülərdə əks olunub".
Qeyd edək ki, aprelin 14-də gecə ABŞ, Britaniya və Fransa Suriyanın 3 obyektinə raket zərbələri endiriblər. Həmin obyektlərin kimyəvi silah hazırlanması üçün istifadə olunduğu bildirilib.