Ermənistan müxalifətinin aparıcı ismi Nikol Paşinyan Sarkisyanın istefasının ardından onun qurmaq istədiyi hiylə oyununun detallarını açıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “lragir.am” saytında deyilir. Xəbərə görə, Paşinyan deyib ki, onu həbsxanada istefa oyunu ilə aldadaraq hərəkata son verməyə vadar etməyə çalışıblar. Belə ki, həmin gün səhər saatlarında ona deyiblər ki, Sarkisyan oktyabr ayında istefa verməyə razılaşıb. İki saat sonra ondan bir aylıq möhlət istənib. Daha sonra bu müddət aprelin 25-nə endirilib. Lakin “Vətəndaş sazişi”nin lideri Nikol Paşinyan bu variantların heç birinə razılaşmayaraq Sarkisyanın 2 saat ərzində istefa verməsi şərtini irəli sürüb. Elə Sarkisyanın istefası da bu qəti tələbin ardından gerçəkləşib.
Paşinyan deyib ki, artıq ölkədə “məxməri inqilab” baş verib. “İlk addım Sarkisyanın istefasına nail olunması idi və o atıldı. İkinci addım 7 gün sonra Milli şuranın xalqın nümayəndəsini Baş nazir postuna gətirməsi olacaq. Bundan sonra isə müvəqqəti hökumət yaradılaraq növbədənkənar seçkilər keçiriləcək”- deyən Paşinyan aprelin 25-də Baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyanla danışıqları davam etdirəcəklərini bildirib.
O deyib ki, “məxməri inqilab” yarıda qoyula bilməz və o mütləq məntiqi sonluğa çatmalıdır.