Ermənistanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etiraz aksiyaları davam edir. Etiraz aksiyasına hərbi qulluqçular da qoşulub.
Məlumata görə, Müdafiə Nazirliyi də sülhməramlı briqadasının bir qrup hərbi qulluqçusunun İrəvanda etiraz aksiyasına qatıldığnı etiraf edib. Nazirlik bununla bağlı bəyanat yayaraq bu davranışı qınayıb. Açıqlamada deyilir ki, bu hərbçilər qanunla müəyyən edilmiş qaydalara əsasən ən ciddi şəkildə məsuliyyətə cəlb olunacaqlar: “Belə ki, hərbçilərin istənilən toplanışlarda iştirakı qanunla ciddi şəkildə qadağan olunub. Onların fəaliyyəti həmçinin könüllü şəkildə hərbi hissəni tərk edərək öz səlahiyyətlərini icra etməkdən imtina kimi də qiymətləndiriləcək. Müvafiq hüquq-mühafizə orqanları bu barədə məlumatlandırılıb”.
ABŞ-ın dəstəklədiyi Avropa Radiosu, hərbçilərin də aralarında olduğu nümayişçilərin fotolarını yaydıqdan bir neçə saat sonra saxlanan alınan müxalifət lideri Paşinyan polis tərəfindən sərbəst buraxılıb.
Bunun ardınca Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verdiyini açıqlayıb. O bu barədə bəyanatında bildirib: "Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var idi, lakin mən heç birinə getməyəcəyəm. Mən ölkə rəhbəri – Ermənistanın baş naziri vəzifəsini tərk edirəm. Küçə hərəkatı mənim baş nazir vəzifəsində çalışmağıma qarşı idi. Mənim baş nazirliyimə qarşı küçə hərəkatına üz tuturam – mən sizin tələbinizi yerinə yetirirəm".
Qeyd edək ki, etiraz aksiyasının rəhbəri, deputat Nikol Paşinyan bu gün azadlığa buraxılıb və axşam qələbə mitinqinin keçiriləcəyini elan edib.
Qeyd edək ki, Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq aprelin 13-dən Ermənistanda kütləvi aksiyalar başlayıb. Aksiyanın lideri, deputat Nikol Paşinyan, onun həmkarları, deputatlar Ararat Mirzoyan və Sasun Mikaelyanın həbsi etiraz aksiyalarının miqyasını daha da böyüdüb.