Rumıniya Prezidenti Klaus Yohannis ölkə səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi təklifindən bixəbər olub. O, hökumətin bu təşəbbüsünü beynəlxalq hüquqa zidd hesab edir.
Baki-xeber.com xəbər verir ki, bunu Rumıniya prezidentinin administrasiyası bildirib. “Prezident təsdiqləyir ki, Qüdsün statusu barədə ölkəsinin mövqeyi əvvəlki kimi BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qəbul olunmuş qətnaməsinə uyğundur”, - deyə prezident administrasiyası vurğulayır.
Bu ərəfədə ölkənin hakim Sosial-demokrat partiyasının lideri Liviu Draqnya məlumat verib ki, hökumət Rumıniyanın İsraildəki səfirliyinin Qüdsə köçürülməsinin başlanması barədə memorandum qəbul edib.
Xatırladaq ki, bir qədər əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu azı 6 ölkənin öz səfirliklərini Qüdsə köçürmək üçün hökumətlə ciddi danışıqlar apardığını bildirmişdi.