Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlər müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə sabiq prezident, indiki baş nazir iqamətgahına doğru yürüş ediblər. Trend-in məlumatına görə, N.Paşinyan iqamətgahın qarşısına toplaşan etirazçıları binanı blokadaya almağı çağırıb.
Maraqlıdır ki, iqamətgahın qarşısında yalnız bir neçə polis əməkdaşı var.
Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlərlə polis arasında toqquşmalar artıq başqa şəhərlərdə də başlayıb. Toqquşmalar Gümrü şəhərində qeydə alınıb. Mitinqə çıxanlar şəhərin mərkəzi küçələrini bağlamağa cəhd göstəriblər. Lakin polis bunun qarşısını ala bilib.
Etiraz aksiyaları təhsil müəssisələri önündə də davam edib.
“Kreml Ermənistanda baş verən hadisələri izləyir və diqqət mərkəzində saxlayır”. Bunu jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov deyib: "Ötən gün Vladimir Putin Serj Sarkisyanı baş nazir seçilməsi münasibəti ilə təbrik edib. Sözsüz ki, ölkədə baş verənlər Rusiya prezidentinin diqqətinə çatdırılıb. Biz Ermənistanda baş verənləri müşahidə edirik və əminik ki, hər şey qanun çərçivəsində davam edəcək".
Xatırladaq ki, sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyasına rəhbərlik edən müxalif deputat Nikol Paşinyan Ermənistanda "məxməri inqilab"ın başladığını bəyan edib.