Suriyadakı ABŞ qoşunlarının çıxarılmasından sonra Vaşinqton Suriyanın şimalında Ərəb ordusu yaratmağı planlaşdırır. Baki-xeber.com xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Qəzeti yazır ki, ABŞ-ın Suriyanın şimalında olan qüvvələrinin yerinə yerləşdirmək və İŞİD-lə mübarizənin sona çatmasından sonra ölkənin şimal şərqində sabitliyi təmin etmək üçün ərəblərdən ibarət ordu qurmağa hazırlaşır.
Qəzetin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə prezident Donald Trampın qısa müddət əvvəl milli təhlükəsizlik üzrə müşavir təyin etdiyi Con Bolton Misir kəşfiyyatının rəhbəri ilə görüşüb. Görüşdə Suriyadakı ərəb qüvvələri formalaşdırmaq cəhdlərinə Misirin də dəstək verməsi məsələsi müzakirə edilib.
Rəsmilər, ABŞ rəhbərliyinin Suriyanın şimalının yenidən qurulması işləri çərçivəsində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrdən maliyyə istədiyini və eyni zamanda ərəb ölkələrindən əsgər göndərmələrini tələb etməyə hazırlaşdığını bildirib.
Səudiyyə Ərəbistanı, Qətər və BAE ilə maliyyə dəstəyi və daha geniş dəstək mövzusunda danışıqlar gedir.
Bir müddət əvvəl Prezident Tramp ABŞ-ın Suriyada yerləşdirdiyi təxminən 2000 qoşunun çıxarılması prosesinin sürətləndirilməsi vacibliyini bildirmişdi. Ancaq ABŞ rəsmilərindən bir çoxları, hərbi qüvvələrin çıxarılmasının Rusiya və İranın Suriyada təsirini artıracağından narahatdır.
İŞİD-in Suriyada tamamilə məğlub edilməsinin asan bir proses olmadığını deyən bəzi hərbi mənbələr qəzetə açıqlamasında, bölgəyə ABŞ əsgərlərinin yerinə ərəb qüvvələrinin yerləşdirilməsinin qarşısında bəzi maneələrin olduğunu da bildirib. Belə ki, Səudiyyə Ərəbistanı və BƏƏ hazırda Yəməndə hərbi əməliyyat keçirirlər, Misir isə Əsəd hökumətinin nəzarəti altında olmayan bir bölgəyə hərbi qüvvə göndərmək mövzusunda tərəddüd edir.
ABŞ ordusunun bu planın həyata keçirilməsində yer alıb almayacağı isə hələlik məlum deyil.