İrəvan polisinin rəis müavini Valeri Osipyan Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz edənləri aksiyanı dayandırmağa çağırıb. “Trend”in məlumatına görə, buna baxmayaraq, İrəvanda etiraz aksiyası davam edir.
Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq keçirilən aksiyanın rəhbəri, müxalif deputat Nikol Paşinyan Ermənistanda "məxməri inqilab"ın başladığını elan edib. İrəvanın Fransa meydanına təqribən 3 min nəfər toplaşıb. N.Paşinyan bildirib ki, onun tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir: "Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq "məxməri inqilab"ının başladığını elan edirəm".
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bu gün ölkə parlamentində keçirilmiş səsvermə nəticəsində Ermənistanın yeni baş naziri seçilib. Onun lehinə 77, əleyhinə 17 deputat səs verib.
Qeyd edək ki, S.Sarkisyanın namizədliyinə etiraz olaraq iki gündür ki, İrəvanda iğtişaşlar davam edir.