Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı çıxan aksiya iştirakçıları İrəvanın bir neçə mərkəzi küçəsini bağlayıb. “Trend”in məlumatına görə, polis əməkdaşları etirazçılardan ərazini boşaltmağı tələb edir.
Ütiraz hərəkatının lideri, "Yelk" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan bəyan edib ki, tərəfdarları körpüləri, yolları və metro stansiyalarını bağlamaq niyyətindədir.
Bu arada bəlli olub ki, İrəvanda etirazçılar universitetə daxil olaraq tələbələri tətilə çağırıb.
Sabiq prezident Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı çıxan təqribən 100 nəfərlik dəstə Ermənistan Dövlət Universitetinin binasına daxil olaraq tələbələri etirazlara qoşulmağa çağırıb. Bundan sonra dərs pozulub və tələbələrin böyük hissəsi küçələrə axışıb. “Lragir.am” saytının məlumatına əsasən, Geratsi və Koryun küçələrinin kəsişməsində “Mercedes” və “Hammer” avtomobilləri ilə gələn mülki geyimli şəxslər aksiya keçirən tələbələrə hücum edib. Onlar iştirakçıları döyərək təhqir edib.
“Trend” erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvanın mərkəzində aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma olub.
Qeyd olunur ki, polis parlament binasına doğru hərəkət etməyə çalışan etirazçıların qarşısını alarkən iğtişaş başlayıb. Polis gözyaşardıcı qazdan istifadə etməli olub. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Müxalif millət vəkili Nikol Paşinyan da xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, aprelin 14-də Ermənistanın hakim Respublika partiyası Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyini irəli sürüb. Baş nazir seçimi aprelin 17-də baş tutmalıdır.
Baki-xeber.com