Niger Xarici İşlər Nazirliyinin Fransanın Niameydəki səfiri Slyvain Itte-yə avqustun 25-də verdiyi 48 saatlıq müddət başa çatıb. Məlumata görə, Fransanın Niameydəki səfirliyi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib və əraziyə heç kəs buraxılmır.
Fransa isə keçmiş müstəmləkələrini tərk etmək istəmədiyini açıq aşkar ortaya qoyaraq xuntanın tələbini yerinə yetirməyəcəklərini açıqlayıb. Parisdə keçirilən 29-cu Səfirlər Konfransında açıqlamalar verən Makron, təzyiqlərə baxmayaraq, səfirin Niameydə qalacağını deyib. Makron Nigerdəki hərbi idarəni tanımadıqlarını və hələ də istefasını təqdim etməyən devrilmiş prezident Məhəmməd Bazumu dəstəklədiklərini ifadə edib.
Makron Fransa və diplomatlarının son aylarda Afrika ölkələri başda olmaqla bir çox ölkədə çətinliklə üzləşdiyini də dilə gətirib.
Bu açıqlamalardan sonra Niger xalqı dünən səhər saat 05:30-dan etibarən Fransa səfirinin gizləndiyi iddia edilən "Niamey 101" kimi tanınan Fransa hərbi bazasını mühasirəyə alıb.
Əllərində Niger bayraqları və “Rədd olsun Fransa”, “Fransız əsgərləri istəmirik” yazılmış plakatlar daşıyan xalq olkədə bir dənə də olsun Fransa əsgərinin qalmamasını tələb edirlər. Ərazini mühasirəyə alan insanlar fransız bazasına giriş-çıxışın qarşısını alırlar.
Ölkədə qurulan Vətəni Müdafiə Milli Şurası Fransa səfirinin ölkəni tərk etmədiyi təqdirdə Fransa səfirliyinə və hərbi bazasına elektrik enerjisi, su, ərzaq və yanacaq verilməsini dayandıracağını açıqlamışdı. Müddət başa çatdıqdan sonra Niger rəhbərliyi Fransanın Niameydəki səfirliyinin suyunu və işığını kəsib, müəssisəyə ərzaq daşınmasını da qadağan edib.
Hazırda bölgədə vəziyyətin gərgin olduğu bildirilir.
Qeyd edək ki, Fransanın bölgədə 1500 əsgəri və 100 döyüş təyyarəsinin olduğu "Niamey 101" adlı böyük bir hava bazası və səfirliyi var. İyulun 26-da Nigerdə hakimiyyətə gələn hərbi idarə Fransa ilə imzalanmış 5 hərbi əməkdaşlıq müqaviləsinin ləğv edildiyini açıqlayıb.
Tahir TAĞIYEV