Moskva yaxınlığında şəxsi təyyarəsinin şübhəli şəkildə qəzaya uğraması nəticəsində öldüyü güman edilən rus muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinlə bağlı iddialar səngimək bilmir. Priqojinin ölümündə sirr pərdəsi hələ ortadan qalxmasa da, ortaya çıxan yeni detallar sui-qəsd ehtimalını gücləndirir.
Priqojinin şəxsi təyyarəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması iddiasından sonra indi də "bahalı şərab qutuları" iddiası ortaya çıxıb. Priqojinin təyyarəsinə bombalarla dolu şərab qutusunun yüklənməsi ilə bağlı iddialar Rusiya sosial mediasında yayılıb.
Rusiya KİV-i rucriminal.info saytı iddia edib ki, Priqojinin təyyarəsi “texniki baxış” üçün uçuşdan əvvəl gecikib. Priqojinin şəxsi təyyarəsində stüardessa işləyən Kristina Raspopova havaya qalxmazdan əvvəl ailəsinə bildirib ki, uçuş texniki nasazlıqlar səbəbindən gecikib və bir ekipaj təyyarədə açıqlanmayan təmir işləri aparır.
Britaniya kəşfiyyat mənbələrinə görə siə, Priqojinin stüardessası Raspopova təyyarəyə minməzdən əvvəl hava limanında bir kafedə görünüb.
İngiltərənin "The Sun" qəzeti yazır ki, “Embraer Legacy 600” tipli xüsusi təyyarənin stüardessası olan Raspopovanın ailə üzvlərinə dedikləri, təyyarəyə havaya qalxmazdan əvvəl "şərab qutusu"nda partlayıcı yüklənməsi iddialarını gücləndirir.
Bir Telegram kanalının yazdığına görə, müstəntiqlər də təyyarəyə partlayıcı yerləşdirilmiş ola biləcəyi ehtimalını nəzərdən keçirirlər. Kanalda Priqojinin şəxsi pilotu Artem Stepanovun da şübhəli olduğu qeyd edilir. Bildirilir ki, Stepanov qəzaya uğrayan “MNT-Aero” təyyarə şirkətinin təsisçi tərəfdaşlarından biridir.
Priqojinin Afrikadan Rusiyaya qayıtdığı, daha sonra isə naməlum səbəbdən Moskvaya uçduğu bildirilir. Bəzi xəbər saytları Priqojinin Kreml tərəfindən çağırıldığı iddiasını səsləndirir. Ancaq Priqojinin Afrikadan qayıtdıqdan sonra Moskvaya nə üçün uçması və ya Kremldən çağırılıb-çağırılmaması hələ dəqiq məlum deyil.
Müharibə Araşdırmaları İnstitutu bildirib ki, insidentlə bağlı ilkin nəticələr Putin administrasiyasının “demək olar ki, şübhəsiz” təyyarənin vurulmasına göstəriş verdiyini göstərir.
Tahir TAĞIYEV