“İranda işsizlik və narkomaniyaya görə boşanma halları artıb". Bunu İran parlamentinin Tehran şəhərindən seçilmiş millət vəkili Möhsün Pirhadi deyib.
O bildirib ki, son 20 ildə boşanmaların sayı 162 faiz artıb. İnsanların 70%-i narkomaniyaya qurşananların və məcburi əməyə cəlb edilən uşaqların sayının artmasından narahatdır: “20 il ərzində boşanmaların bu qədər artması işsizlikdən iqtisadi böhrana, ailədaxili zorakılığa və sosial problemlərə qədər bir-biri ilə əlaqəli olduğunun açıq-aşkar sübutudur”.
Məlumatlara görə, İranda narkomaniya geniş yayılıb. Eyni zamanda, boşanma və işsizlik də artıb. Bu da əhali arasında narazılığa səbəb olur.
“İranda işsizlik, narkomaniya, boşanma, uşaq ölümü, uzunömürlülüyün azalması ölkənin sosial vəziyyətinin göstəricisidir”
Mövzu ilə bağlı fikir bildirən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İranda işsizlik, narkomaniya, boşanma, uşaq ölümü, uzunömürlülüyün azalması ölkənin sosial vəziyyətinin göstəricisidir: “Ölkədə rifah, əminamanlıq, sosial ədalət varsa, bir çox azadlıqlar təmin olunursa həmin yer firavan sayılır. Söz, sərbəst toplaşmaq, seçki azadlığı olan ölkənin rifahı da yüksək olur. Onu da deyim ki, sosial ədalətin olmadığı yerdə boşanma və uşaq ölümlərinin statistikası da yüksək olur. İranda boşanmaların artmasının əsas səbəbi sosial vəziyyət və rejimin tətbiq etdiyi qaydalarla bağlıdır. Həmin ölkənin tətbiq etdiyi qaydalara əksər ailələr tab gətirə bilmir. Nəticədə boşanma sayı artır. Həmçinin, bu ölkədə nikaha daxil olanların sayı da azalır. Iranda bir sıra din xadimləri etiraz aksiyaları zamanı gənclərə müraciət edərək bildirirlər ki, aksiyaya qoşulmaqdansa ailə qurun. Din xadimlərinin bu çağırışı əslində etiraz aksiyalarının səbəbinə qarşıdır. Danılmaz faktdır ki, bu ölkədə çox ciddi sosial problemlər var. Sosial problemlər ailə qurmaq istəyənlərin sayının azalmasına, boşanmaq istəyənlərin isə artmasına səbəb olur”.
S.Soltan hesab edir ki, bütün avtoritar rejimlərdə sosial ədalət təmin olunmur. Sosial ədalət təmin olunmadığı üçün sosial vəziyyət də ağırlaşır. Bu isə ilk növbədə ailələrdə problemlərin yaranmasına, ailənin dağılmasına səbəb olur və cəmiyyətin vəziyyətini ağırlaşdırır.
Ekspertin sözlərinə görə, İran hakimiyyətinin yaratdığı ağır şərtlər insanların narkomaniya və digər pis vərdişlərə meyl etməsinə səbəb olur.
Günel CƏLİLOVA